Deputat fitnes zallarının açılmasını istəyir

Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasından sonra ancaq açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

Gununsesi.info6 xəbər verir ki, ölkə üzrə qapalı şəraitdə olan idman və fitnes zalları ilə bağlı qadağa hələ də qüvvədə qalır.

Yerli əhali artıq neçə aydır ki, fərdi və qrup halında idmanla məşğul ola bilmir. Mövcud vəziyyətdə idman zalları və fitnes mərkəzlərinin nə vaxt açılacağı ilə bağlı millət vəkili Fazil Mustafaya müraciət etdik.

Deputat BAKU.WS-ə bildirdi ki, kollektiv fitnes məşğuliyyəti varsa, buna imkan vermək olmaz: “Lakin fərdi qaydada insanların bu xidmətdən istifadə etməsi üçün fitnes zalları açılmalıdır. Çünki fərdi qaydada insanlar özlərini qorumaqla, immunitetlərini möhkəmləndirirlər. İdman məşğuliyyəti baxımından isə müəyyən dərəcədə fizeoterapiyanı tətbiq etmək olduqca zəruridir. Bu mütləq şəkildə nəzərə alınmalıdır.

Hazırda rayonlara gediş-gəliş açılıb. Avtobusla insanları rayonlara daşımaq təhlükəlidir. Amma fərdi minik maşınlarında bunu hansısa formada qadağan etməklə insanların daha çox probleminin yığılıb qalmasına şərait yaradırıq. Biz istəyirik ki, insanların müəyyən dərəcə problemləri və sıxıntıları azalsın.

Amma biz bu qorumaq adı altında vətəndaşlara xeyli problem yükləyirik. Biz problemləri azaldan istiqamətdə addım atmalıyıq. Başa düşürük ki, kollektiv çoxluğun olduğu yerlərdə müəyyən şərtlərə əməl edilməlidir. Amma bütövlükdə fərdi özünü qoruma imkanları olan sahələrdə bu cür qapalılığın problem yaratmaqdan başqa bir işə yaramadığını görürük.

Fikrimcə, bu istiqamətdə yaradıcı yanaşmaq olduqca vacibdir. Belə sahələrin açılması faydalı olar.

Gununsesi.info