Deputat İran haqqında elə danışdı ki… - Şiə marağını düşünsəydilər, narkotikin qabağını alardılar

  • By admin
  • 27 Dekabr 2016 08:41
fazil
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yenidən gündəmi zəbt edib. Bu dəfə deputat İran prezidentinin Ermənistan səfərini sərt şəkildə tənqid etdiyinə və şiəliklə bağlı fikirlərinə görə müzakirə obyektinə çevrilib. 
 
F.Mustafa barəsində deyilənlərə sərt cavab verdi: “Bizim kiminsə inancı ilə heç bir problemimiz yoxdur. Azərbaycan multikultural dövlətdir. Burada istər ateist, istər xristian, istərsə də İslam dininin hansısa təriqətinə məxsus biri olsun, hər kəs öz sərbəst fəaliyyəti ilə məşğuldur. İnanclara sayğı göstərilir. Söhbət ondan gedir ki, son günlərdə iki ciddi hadisə baş verib. Biri odur ki, İran prezidenti Ermənistana səfər edərək, təcavüzkar ölkə ilə dostluq münasibətləri, eləcə də Azərbaycan əleyhinə qurulacaq əlaqələr üçün addım atdı. Biz də bu məsələyə etirazımızı bildirdik ki, özünüzə müsəlman deməyin, deyin, erməni ilə dost-qardaşıq. Maraqlıdır ki, Azərbaycan vətəndaşı olan, guya öz dininin təəssübkeşliyini çəkən insanların əksəriyyətindən heç bir mövqe olmadı. Siz necə Qarabağı qoruyursuz, vətəni sevirsiniz? Nə olar ki, dini inancınız uyğun gələndə?
Yanlış hərəkətdirsə, münasibət bildirin. Bunların bir bəyanatı belə olmadı. Səbəbi odur ki, bu kəsimdən olan bəzi insanlar buna simpatiya ilə yanaşırlar. Adicə Hələbdə türkmənlərin qətlər yetirilməsinə simpatiya ilə yanaşırlar. Onlar Türkiyənin məğlub olmasına sevinirlər. Biz tarixi şüurumuzdan çıxış edirik. Necə ki, Nuru Paşa bu xalqı xilas etdi, sabah yenə türk ordusu gələcək. Hansısa dar məqamımızda İran ordusu gəlməyəcək. Bizim arqumentlərimizə cavab verə bilməyəcəklərini görüb, başlayırlar ki, şiəliyin əleyhinə guya fikirlər səsləndiririk. Ümumiyyətlə, biz özümüz də şiəyik. İnanc başqa, öz dövlətini satmaq isə tamam başqa şeydir.
Bu insanların bir qismi xarici kəşfiyyat orqanlarının maraqlarına xidmət edən insanlara çevriliblər. Bunların təsiri ilə ikinci hadisə baş verdi. İranlı professor açıqlama verdi ki, biz Azərbaycanda olan bu əhalinin potensialından dövlətə qarşı hələ istifadə etmirik. Buyurun, salaməleyküm. Açıq şəkildə artıq onlar bu əhaliyə öz potensialları kimi baxır və demək istəyirlər ki, biz istənilən vaxt bir söz deyəcəyik, siz hökumətə qarşı qalxarsınız.
Biz hamımız buna görə susacağıq, bu dövləti qorumağa mənəvi borcu olan insanlar kimi cavab verməməliyik? 
Əgər onlar buradakı şiə əhalisinin marağını düşünsəydilər, İrandan buraxılan narkotikin qabağını alardılar. Siz bilirsinizmi, kütləvi şəkildə pulsuz bu əhaliyə nə qədər narkotik paylanır. Nə qədər insanı sıradan çıxarırlar. Öz ölkəmizin maraqlarını qoruyaraq bu fikirləri deyirəm. Əks halda, kiminsə inancından mənə nə? İŞİD-i məndən çox tənqid, ifşa edən varmı? Bunları hamısı bəhanədir. Dosye.org saytı əleyhimə yazı yazır, amma Ruhaninin Ermənistan səfərinə bir dəfə də olsun toxunmur. Şərəfin, namusun varsa, Azərbaycanın marağını qoruyan bir cümlə işlət. Niyə işlətmirsən? Çünki tapşırıq verilir ki, kim bu məsələyə münasibət bildirirsə, onu mətbuat vasitəsilə hədəfə götürün”.
Deputat İran mətbuatının eyni xətt üzrə çalışdığını da qeyd etdi: “Bizi mütləq ya FETÖ-yə, ya da kiməsə bağlamalıdırlar. Ərdoğanın addımlarını dəstəkləyirəm, təqdir edirəm, bəzi hallarda tənqidlərim də olur. Türk hökumətinin, ordusunun Azərbaycanda gözdən salınmasına qarşı sərt şəkildə çıxış edən şəxsəm. Azərbaycanı Türkiyə, Türkiyəni də Azərbaycan qədər sevirəm. Müttəfiqimiz Türkiyədirsə, bu dövlətə qarşı bu qədər hücumlara qarşı olmalıyıq. Qəsdən məsələni başqa istiqamətə yönəldirlər. Bir cümlə belə tapmaq mümkün deyil ki, desinlər ermənilərlə dostluq etmək olmaz. Siz utanmırsınız, Xocalıda qətliam törədən ermənilərlə bu cür yaxınlıq edirsiniz. İsraili bəhanə edirlər. Bəyəm İsrail İran torpağını işğal edib ki, ona qarşı da çıxım? Erməni torpağımı işğal edib, ona görə deyirəm ki, onunla dostluq etmə. Dostluq edirsən, bunun siyasət olduğunu deyirsən. O zaman mənə müsəlmançılıqdan danışma. Pul ödənilən saytlar var, orada istədikləri məqalələri verə bilirlər. Hətta yazıların üslublarına baxın, cümlə quruluşu fars qrammatikasına uyğundur. Müxtəlif adlarla da imzalar qoyurlar. Biz öz dövlətimizi bunların ayaqları altına buraxa bilmərik. Hər bir vicdanlı azərbaycanlı  bu şəbəkəyə qarşı mübarizəsini aparmalıdır. Hər cümə namazında şiələrlə yanaşı namaz qılıram. O qədər Azərbaycanda sağlam düşüncəli, vətəninə bağlı şiələr var ki. Azərbaycanın maraqlarından çıxış edən şiə-sünnisi, ateisti belə qardaşdır. Azərbaycanın maraqlarına qarşı çıxış edən hər kəs düşmənimizdir. Onlara qarşı da açıq şəkildə mübarizə aparmalıyıq”.