
“Azərbaycan suveren ölkədir. Azərbaycan dostluq etdiyi ölkələrlə münasibətini hansısa başqa dövlətin maraqlarına, istəyinə uyğun qurmur. Bu gün İsraillə münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Biz buna sevinirik, İran və Ermənistan məyusdursa, bu onların öz işidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında deputat Naqif Həmzəyev İsrail Prezidenti İshak Hersoqun Azərbaycana səfəri ilə bağlı İran mediasında yazılan tənqidlərə münasibətində deyib.
Deputatın sözlərinə görə, İran Azərbaycanla yaxın qonşuluq münasibətini saxlaya bilməyibsə, bu həmin ölkənin öz problemidir: “Azərbaycan üçün 44 günlük Vətən savaşı dostun-düşəmənin, bizi sevənin-sevməyənin kimliyni ortaya çıxardı. Bu müharibədə İrandan fərqli olaraq, İsrail dost ölkə kimi özünü göstərdi. İsrail bizim dost ölkədir. Ona görə də qarşılıqlı səfərlər gözləniləndir. Bu səfərlər də hansısa ölkəyə qarşı yönəlməyib ki, ondan narahat olsunlar”.
Afət Abbasova
Gununsesi.info