İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları “nəticə verib”. Belə ki, həmin “popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.
Bununla bağlı Rasim Musabəyov sosial şəbəkədə məlumat verib:
“Dünən axşam “Azneft” meydanı yaxınlığında yeraltı keçid “popkorn” qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq, nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.
Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə “Facebook” statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.
Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm”.
O, istehzalı və bəzən qərəzli şərhləri isə müəlliflərin vicdanına buraxıb.
Xatırladaq ki, R.Musabəyovun sosial şəbəkədə yazdığı status və paylaşdığı foto tənqidlərə səbəb olub.
R.Musabəyov
“Azneft” meydanındakı yeraltı keçiddə uşağın popkorn satmasını qınamışdı:
“Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?”
Onun bu statusu sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.
Bəziləri deputatın böyük problemlər olduğu halda, kiminsə evinə “çörək pulu” aparmasına mane olduğunu bildiriblər.
Digərləri deputatı tənqid edərək, ona öz işləri ilə məşğul olmağı məsləhət görüblər.
“Siz o uşağa yaxınlaşıb soruşdunuz, niyə bu işlə məşğuldur, valideynləri haradadır, pula ehtiyacı varmı?”, – deyə istifadəçilər deputatdan soruşublar.