Deputat Kəlbəcərdən yazdı- KƏLBƏCƏR BASARKEÇƏRSİZ QALIB

  • By admin
  • 26 Noyabr 2022 22:22

Bu gün Kəlbəcərin işğaldan azad olunmasından iki il ötür. Ancaq Kəlbəcər bunun sevincini tam yaşaya bilmir. Çünki Kəlbəcər Basarkeçərsiz qalıb. Kəlbəcərlə Basarkeçər bir dağın sinəsindən süd əmən iki qardaşdılar. Nə yazıqlar ki, bu gün həmən Basarkeçərdən Kəlbəcərdəki mövqelərimiz atəşə tutulur. Ümid edirəm ki, buna göyçəlilərin Göyçəyə dönüşlərinin təmin olunmasıyla gec-tez tam son qoyulacaq.

Maraqlıdır ki, Azərbaycan ordusunun mövqelərinin yenidən belə intensiv atəşə tutulması Rusiyadan Ermənistana növbəti “humanitar yük”ün daşınmasından sonra baş verir. Özü də təkcə Kəlbəcərdə yox, Qarabağda da eyni vəziyyətdir. Rusiya Müdafiə Nazirliyi isə Qarabağdakı müvəqqəti hərbi kontingentinin kontrolu altında olan torpaqlarımızdan Azərbaycan ordusuna qarşı təxribatlar baş verəndə susur, amma oradakı qanunsuz silahlı birləşmələrə cavab zərbəsi endiriləndə bizim yaşayış məntəqələrinin adlarını da hayca yazmaqla açıqlma yayır.

Belə primitiv addımlarla regionda mövqelərini möhkəmlətdiklərini düşünənlər yanılırlar. Çünki KTMT-nin İrəvan Sammiti Azərbaycanın sözü gedən qurum üzərində təsirinin onun üzvü Ermənistandan güclü olmasından daha önəmli faktı üzə çıxardı. Bəlli oldu ki, oradakı dominant dövlət də forpost Ermənistan kimi digər üzvlərə bu regionla bağlı öz planlarını tam diqtə edə bilmir, buna onların Azərbaycanla sıx əlaqələri imkan vermir. Və Paşinyanın KTMT Sammitinin yekun bəyyannaməsini imzalamamasının da kökündə qərbin diqtəsindən daha çox Azərbaycanın yaratdığı geosiyasi reallıq durur.

Reallıq həm də ondan ibarətdir ki, Azərbaycan əleyhinə atılan heç bir addımı cavabsız qoymur. Bəzən hətta elə asimmetrik cavablar verir ki, onun effekti simmetrikinkindən qat-qat yüksək olur.

Mən cənab Prezidentin Serbiyaya səfərini məhz bu cür qiymətləndirirəm. Baxın, İtaliyanın ardınca biz Avropanın hansı ölkələrinin enerji təhlükəsizliyini təmin etməyə başlayırıq – Yunanıstan, Bolqarıstan, Albaniya, Serbiya. Yəni o ölkələrin ki, bəlli səbəblərdən Avropanın belə demək mümkünsə, zəif bəndləri sayılırdılar, qərbdəkiləri parçalamağa çalışanların təsirlərinə daha yatımlıydılar.

Bu gün qərbdəkilərin eyni mövqedən çıxış etmələrində Serbiya Prezidenti Vuçiçin təbirncə desək, sözü hər bir imzadan keçərli olan cənab İlham Əliyev Avropaya liderlik iddiasını gizlətməyən Makrondan qat-qat böyük rol oynayır. Heç bir baxımdan yerindən olmayan Makron anlamasa da, ümid edirəm ki, bunu qərbdəki dərin düşüncəlilər gözəl görürlər. Və cənab Vuçiç kimi açıq dilə gətirməsələr də, onlar da Azərbaycanımız, dövlət başçımız haqda eyni fikirdədirlər.

Millət vəkili Sahib Alıyev