Deputat Ceyhun Məmmədov liftlərdən istifadə zamanı yaranan problemlərldən danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib:
“Bina evlərində yaşayanların ən çox qarşılaşdığı problemlərdən biri lift məsələsidir.
Amma lift problemi yalnız onun xarab olması, gec gəlməsi və ya işləməməsi deyil. Bəzən liftin ən böyük problemi elə onu istifadə edən insanlardır.
Məsələn, liftin qapısını arxasınca gələn adama bir neçə saniyə saxlamayanlar var. Adamın liftə çatmasına iki addım qalıb, amma qapı artıq bağlanıb.
Liftin qapısını təpiklə açanlar da var.
Liftin içinə tüpürənlər, saqqız yapışdıranlar, tum qabıqlarını və müxtəlif tullantıları atanlar…
Liftin güzgüsünü isə sanki şəxsi dəftər hesab edənlər var. Adını, soyadını, telefon nömrəsini yazan, müxtəlif sözlər cızan, güzgünü makiyaj vasitələrinin izləri ilə çirkləndirənlər…
Bəziləri liftin içində yüksək səslə danışır, telefonla qışqıra-qışqıra danışır, musiqini ətrafdakı insanların eşidəcəyi səviyyədə açır.
Bəziləri isə liftə minəndə içəridəkilərin çıxmasını gözləmir. İnsanlar hələ düşməmiş içəri girməyə çalışırlar.
Ən maraqlı məsələlərdən biri də yük liftidir.
Yük liftinin ayrıca təyin olunmasının səbəbi var. Ağır və iri əşyaların daşınması üçün nəzərdə tutulub. Amma bəzi insanlar qaydaları nəzərə almadan yük liftindən də, sərnişin liftindən də istədikləri kimi istifadə edirlər.
Digər tərəfdən, sərnişin liftinə iri əşyalarla girib həm lifti yükləyən, həm də digər sərnişinlərə yer qoymayanlar var.
Bir də liftin düymələri…
Elə insanlar var ki, lift gələnə qədər düyməni dəfələrlə basır. Sanki düyməni çox basanda lift daha tez gələcək.
Bəziləri isə bütün mərtəbələrin düymələrini basır. Nəticədə lift hər mərtəbədə dayanır.
Uşaqların liftin içində düymələrlə oynamasına icazə verənlər də var.
Qapı bağlanarkən əllə, ayaqla və ya əşya ilə qapını zorla açmağa çalışanlar da.
Əslində bunların hamısı bir şeydən xəbər verir: insanın ümumi əmlaka münasibətindən.
Bir məsəl var: ağaca çıxanda budaqları qırıb aşağı atsan, ağacdan düşəndə sənə dayaq olacaq budaq tapa bilməzsən.
Həyatda da belədir.
Bu gün istifadə etdiyimiz ümumi əmlakı dağıdıb, çirkləndirib, korlayıb sonra sabah həmin şeyə ehtiyac duyanda onun yaxşı vəziyyətdə olmasını gözləmək olmaz.
Lift də hamımızın istifadə etdiyi ümumi məkandır.
Bu gün təpiklə qapısını açdığınız, içinə tüpürdüyünüz, güzgüsünü cızdığınız, düymələri ilə oynadığınız liftə sabah yenə özünüz minəcəksiniz.
Ona görə də ümumi olan şeyə münasibətimiz əslində özümüzə münasibətimizdir”.
Günay












