Deputat Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi - VİDEO

  • Müəllif: Firuzə
  • 15 Oktyabr 2026 21:03

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onu inzibati məsuliyyətdən azad edib.

Gununsesi.info xəbər verir ki, işlərin hamısına hakim Rauf Daşdəmirov baxıb. İlk işə 2026-cı il fevralın 10-da, sonuncusuna isə oktyabrın 7-də xitam verilib.

Qərarların heç birində şəxsin adı açıqlanmayıb. Yalnız onun 1976-cı ildə Ağdaş rayonunda doğulduğu və Milli Məclisin deputatı olduğu göstərilib. Doğum ili və yeri parlamentin saytında Məzahir Əfəndiyev haqqında verilən məlumatlarla üst-üstə düşür.

Deputat barəsində protokollar İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunub və Yasamal Rayon Polis İdarəsindən məhkəməyə göndərilib.

Bu maddəyə görə, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən üç ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək məhdudlaşdırılır.

Hakim isə hər dəfə Konstitusiyanın 90-cı maddəsinə istinad edib. Bu maddə deputatın səlahiyyət müddətində onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilməsini qadağan edir.

Məlumata görə, ilk iş 2025-ci il oktyabrın 4-də tətbiq edilmiş yol cəriməsi ilə bağlı olub. Cərimənin ödənilməməsinə görə 2026-cı il yanvarın 22-də protokol tərtib edilib. Məhkəmə 19 gün sonra, fevralın 10-da işə xitam verib.

Sonrakı səkkiz iş üzrə qərarlar iyunun 29-dan oktyabrın 7-dək verilib. Onlardan yeddisi iyunun 29-dan avqustun 17-dək, yeddi həftə ərzində qəbul olunub. Avqustun 17-də deputatla bağlı iki ayrı işə eyni gündə xitam verilib. Dörd iş 2025-ci, beş iş isə 2026-cı ildə tətbiq edilmiş yol cərimələri ilə bağlıdır.

İyunun 29-dakı iclasa nə Əfəndiyev, nə də protokolu tərtib etmiş polis orqanının nümayəndəsi gəlib. Məhkəmə işə onların iştirakı olmadan baxıb.

Cərimələrin məbləği, hansı konkret qayda pozuntularına görə tətbiq edildiyi və sonradan ödənilib-ödənilmədiyi barədə məlumat yoxdur.

Konstitusiyaya əsasən, deputatın toxunulmazlığına yalnız Baş prokurorun təqdimatı əsasında Milli Məclisin qərarı ilə xitam verilə bilər.

Məzahir Əfəndiyev Milli Məclisdə 92 saylı Göyçay–Ağdaş seçki dairəsini təmsil edir. Mayın 21-də “Modern.az”ın dərc etdiyi sorğuda bir sıra deputatlar cərimələrdən yayınmaq üçün statuslarından istifadə etmədiklərini bildiriblər.

“Qanun hər kəs üçün eynidir. Deputat olmaq heç kimə əlavə imtiyaz vermir”, – Günay Ağamalı deyib.

Aydın Hüseynov da deputat statusunun cərimələrə güzəşt nəzərdə tutmadığını bildirib. Onun sözlərinə görə, “hər hansı cərimələrlə bağlı güzəşt qətiyyən nəzərdə tutulmur”.

Məsələ ilə bağlı Məzahir Əfəndiyevin mövqeyini öyrənmək mümkün olmayıb.

Gununsesi.info