Deputat: “Qanunsuz erməni dəstələri Qarabağdan çıxarılır, ümid edək ki, bəhanə gətirib prosesi uzatmayacaqlar”

“Bu gün iki xoş xəbər reallaşır. Birincisi odur ki, uzun müddətdən sonra keçmiş məcburi köçkünlərimiz dədə-baba yurdlarına qayıdırlar. Belə ki, Zəngilanın Ağalı kəndinin sakinlərinin bir hissəsi daimi yaşamaq üçün yeni tikilmiş Ağalı kəndinə köç ediblər. Bu, “Böyük Qayıdış”ın təməli, başlanğıcıdır. İnşallah, tezliklə bütün məcburi köçkün və qaçqınlarımızın dədə-baba yurdlarına qayıtmalarının şahidi olacağıq. Bundan qürurlu və sevincli nəsə ola bilməz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, ikinci xoş xəbər Ermənistanın ölkəmizin ərazisində olan qanunsuz erməni dəstələrinin senytabr ayından etibarən çıxaracağını bildirməsidir: “Bu onu deməyə əsas verir ki, Ermənistan tərəfi xarici işlər nazirlərinin görüşlərindən sonra bir daha anladı ki, bu məsələyə aydınlıq gətirmək lazımdır. Cənab Prezident İlham Əliyevin altı ayın yekunlarına dair müşavirədə səsləndirdiyi fikirlər, Ermənistanın bu məsələyə aydınlıq gətirməsinin vacib olmasını qeyd etməsi onları verdikləri sözə uyğun davranmalarına vadar etdi. İstənilən halda, bu xəbər sevindiricidir, çünki Ermənistan reallıqları dərk etməyə və anlamağa başlayıb. Ümid edək ki, sentyabr ayında hansısa bəhanə gətirib prosesi uzatmayacaqlar. Biz regionda uzunmüddətli dayanıqlı sülhün bərqərar olmasının tərəfdarıyıq və Azərbaycan bunun üçün real addımlar atır. Bu baxımdan Ermənistanın məğlub tərəf olaraq öhdəliklərini yerinə yetirməsinin şahidi olmaq istərdik”.

Gununsesi.info