Qurban bayramı İslam təqvimin ən mühüm bayramlarından hesab olunur. Bu bayram hər il Zilhiccə ayının 10-cu günündən başlayır və adətən 3 gün davam edir.
Dinimiz buyurur ki, qurbanlıqda qoyun, qoç, inək və ya dəvəni qurban kəsmək olar.
Qurban ətinin bir hissəsi yaxın qohumlara, bir hissəsi isə ehtiyaclı insanlara paylanılır.
Müqəddəs bayramlardan olan Qurban bayramı Həzrəti İbrahim (ə) peyğəmbərin adı ilə bağlıdır.
Bu bayramın əsas fəlsəfəsi Allah yolunda fədakarlıqdır ki, insan sanki öz nəfsini qurban kəsir.
Qeyd edək ki, Qurban Bayramı Qurani-Kərimdə Həcc ayinlərinin biri kimi də qeyd olunur.
Bununla belə Azərbaycanda qurban kəsilməsinin əleydarları da çoxdur.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, Qurban bayramının İslam dünyasının iki əsas bayramlarından biridir:
“Əgər qurbanı kəsən şəxs ancaq özü yeyəcəksə, bu zaman dinimizin mahiyyətinə və məramına uyğun deyil”.
“Uzun əsrlərdir ki, müsəlman dünyası eyni zamanda Azərbaycan xalqı bu bayramı qeyd edir. Ulu öndərin vaxtından başlayaraq, hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan bu bayram münasibəti ilə ölkə Prezidenti tərəfindən xalqımıza təbriklər ünvanlanır. Azərbaycan xalqı bu günlərdə qurban kəsir. Dinimizə görə imkanı olan hər kəs mütləq qurban kəsməlidir. Qurban payı üç yerə bölünməlidir. Elə insanlar var ki, onlar hər il səbrsizliklə bu bayramı gözləyir. Qurban kəsmək, bu bayramı bu formada qeyd etmək, insanların yanında olmaq dinimizin bizdən tələbi və istəyidir. Bu formada da bizim ölkəmizdə keçirilir.
Azərbaycan o ölkələrdən biridir ki, burada yaşayan digər xalqların nümayəndələri də bizimlə birgə bu bayramı qeyd edir. Azərbaycanın qurbanla bağlı çox gözəl bir ənənəsi var. Xalqımız kəsilən qurbanları imkansız insanlara pay edirlər. Çox sevindirici məqamdır ki, bu gün Azərbaycanda İslam ənənələri, İslam dəyərləri dövlət səviyyəsində qorunur”.
Ceyhun Məmmədov vurğulayır ki, Qurbanın əsas mahiyyəti savab əməldir. O, qeyd edir ki, bu bayramda imkansız insanlara kömək və dəstək olmaq vacib məqamlardan biridir: “Əgər qurbanı kəsən şəxs ancaq özü yeyəcəksə, bu zaman dinimizin mahiyyətinə və məramına uyğun deyil və bu saf niyyət kimi qəbul olunmur. Reallıqdır ki, aylarlarla, günlərlə ət tapıb yiyə bilməyən insanlar var. Biz onların yanında olub, onlara dəstək olmalıyıq. Bayramı onlarla birgə qeyd etməliyik. Ümumiyyətlə İslamda bayramlar insanların sevindirilməsi üçündür. Bu məsələlərdə diqqətli olmaq lazımdır.
Qeyd etdiyim kimi, əgər bir insan qurbanı kəsib yalnız özü yeyəcəksə əldə edə biləcək savabı itirmiş olur. Sıradan heyvan kəsməsinə bənzəyir. Ona görə də dinimiz ortaq bir məxrəc yolu müəyyənləşdirib. Əgər bir insan istəyirsə savab qazansın bir hissəni özünə, bir hissəsini qonşulara, bir hissəsini də qohumlara versin”.
Təəssüf ki, Qurban bayramında heyvanların kəsilməsinə etiraz edənlər də az deyil.
Özlərini heyvansevər kimi təqdim edən insanlar Qurban bayramının əleyhinə çıxır.
Onlar bu işdə dini günahlandıraraq, bu əməli qətliam hesab edirlər.
Ceyhun Məmmədov isə hesab edir ki, bu yanaşma İslam dininə qərəzli münasibətdən irəli gəlir və bu islamofobiyadır: “Hesab edirəm ki, bu, kənardan gələn bir tendensiyadır. Bu gün dünyanın hər yerində müxtəlif növ heyvanlar kəsilir. Müxtəlif ölkələrdə heyvan festivalları keçirilir. Hər bir yaradılışın öz məqamı, öz məqsədi var. Burada bu məsələnin bu formada qoyuluşu özü düzgün deyil. Bu cür arqumentlərlə çıxış edənlərin məqsədi başqadır.
Allah-Təalanın yeyilə biləcək heyvanları yaratmaqda əsas məqsədlərdən biri də insanların qidalanmaq üçün istifadə etməsidir. Bu məsələdə dini günahlandırmaq, qətliam kimi qələmə verməyin özü kökündən yanlışdır. Qeyd etdiyim kimi bu məqsədli formada edilən əməldir. Əsas məqsədlərdən biri İslam dinini insanların gözündən salmaqdır. Bu iddiaların isə heç birinin əsası yoxdur. Hər kəs bir-birinin inancına, dininə, təfəkkürünə, hörmətlə yanaşmağı bacarmalıdır”.
Araşdırmaçı ilahiyyatçı Tural İrfan Gununsesi.info-ya bildirib ki, Qurban bayramının əsas xüsusiyyətlərindən biri insanın öz malından, varından keçməklə əyani şəkildə Allaha yaxın olmasını sübut etməsidir.
“Adətən heyvan kəsənlərin çoxu kəlmeyi şəhadətini belə bilmir”.
“Məlum olduğu kimi Qurban Bayramı İslam aləminin iki böyük bayramından biridir. Ramazan və Qurban bayramları İslam aləmində vacib olan qeyd edilən bayramlardır. Bu bayramın xüsusiyyətlərindən biri də sosial tərəfidir. Burada insanlara qayığı, diqqət , kasıb adamlara yardım etmək nəzərdə tutulur. Daha yaxşı olar ki, imkanlı şəxslər qurban əti yox, qurban heyvanları hədiyyə etsinlər. Təəssüf ki, bizdə Sovet dövründən sonra islami təbliğat düzgün aparılmadığına görə insanlar dindən o qədər də maariflənməyiblər. Məsələn qardaş Türkiyədə Osmanlı ənənələrindən qalan dini maariflənməni yetərli hesab etmək olar. Ancaq bizdə hələ də Marksist düşüncədə olan adamlar var. Təbii ki, bu da 70 ilin təsirindəndir. İnsanlar çoxu sonradan xaricdən gəlmə xurafatlara inanırlar. Daha doğrusu həqiqi dinə yox, din adı ilə uydurulmuş məsələlərə”.
Tural İrfan deyir ki, qurban ətini qəssablar çox vaxt satırlar. O, qeyd edir ki, dükanların qarşısına da bu barədə elanlar yazırlar: “Bunun yalnış bir iş olduğu barədə kimsə heç nə demir. Heç bir din xadimi bunun düzgün olmadığına reaksiya vermir. Kökündən pis və İslam əleyhinə ənənə formalaşır. Heç bir müsəlman ölkəsində belə bir vəziyyət yoxdur. Bu barədə mənə çox insanlar tərəfindən iradlar gəlir. Əksər insanlar bu məsələnin təbliğat olunmadığına görə narahatdırlar. Bu barədə marifləndirilmə işləri aparılmalıdır. Bir düşünün qurban əti də satırlarmı? Əgər birinin imkansı yoxdursa o zaman adi ət alsın. Çox təəssüf ki, bu gün bir sıra qəssablar bu vəziyyətdən sui-istifadə edirlər. İnsanları aldadaraq, dələduzluq yolun ilə qurban əti satırlar”.
İlahiyyatçının sözlərinə görə, qurban əti kəsən qəssablar təmizlik qaydalarına riayət etmirlər. Onun fikrincə, qəssablar qurbanı küçələrdə, yollarda, harada gəldi, kəsirlər və bu zaman da çöl heyvanları ortamı lap pis hala salır:” Bəzən kəsilən heyvanı heç üzü qibləyə doğru çevirmirlər. Dəfələrlə bu məsələyə iradımı sərt şəkildə bildirmişəm. Onlar isə bu durumu heyvanın böyük olması ilə əlaqələndirirlər. Bu heç bir halda düzgün deyil. Bəhanələr əsas deyil.
Əgər bir heyvan qibləyə doğru kəsilməzsə, artıq o haramdır və batildir. Bunu kəsən insan özüdə müsəlman olmalıdır. Adətən heyvan kəsənlərin çoxu kəlmeyi şəhadətini belə bilmir.
Bu məsələlər üzərində ciddi təbliğatlar aparmaq lazımdır, marifləndirici tədbirlər aparılmalıdır. Qurbanla başqa heyvanın kəsilməsi fərqlidir. Allahın adı ilə, qibləyə doğru kəsilməlidir. Kəsilən heyvanın mütləq qanı təmiz axmalıdır. Qəssablar isə böyük başlı heyvanların çoxunu boğub kəsir və qanı da içəridə qalır. Çox təəssüf ki, heyvanın çəkisinin ağır gəlməsi üçün bu üsuldan istifadə edirlər”.
İlahiyyatçıya görə bu kimi məsələlər boynuna vəzifə düşən din xadimləri tərəfindən marifləndirilmir: “Ölkəmizdə bu qədər məscid imamları, din xadimləri var. Onlar bu mövzulara qətiyyən toxunmurlar. Sadəcə nağıllar danışırlar. İnsanları düzgün marifləndirmək lazımdır. Qayda-qanunları izah etmək lazımdır. Caamatı qınamaq da olmur. Axı hamı dindar, hamı ilahiyyatçı deyil”.
Sonda Tural İrfan qeyd edir ki, nəzir və əhd edilmiş qurbanları Qurban bayramında kəsmək doğru deyil. Onun sözlərinə görə nəzir edilmiş heyvanlar digər günlərdə kəsilməli və hər kəsə paylanılmalıdır.
Şəbnəm Rəhimova
Gununsesi.info