Deputat vəfat etmiş dostunun əmlakını ələ keçirmək istəyir -RƏZALƏT

  • By admin
  • 10 Avqust 2016 14:00

RUFET

Lənkərandan 3-cü dəfə deputat seçilən Rüfət Quliyevin sələmçiliklə məşğul olmasına mətbuatda və ictimaiyyətdə  sərt təpki verilib. Səngimək bilməyəm ittihamlar geniş müzakirə mövzusuna çevrilib.  Belə ki, gəzən xəbərlərdə bildirilir ki, deputat 2011-ci ildə iş adamı Namik Rahib oğlu Səfərova 10 faizlə külli miqdarda sələmə borc verib. Sonradan isə borclu dünyasını dəyişdiyindiyindən onun ailəsini – Nuranə Mirzəli qızı Səfərovanı məhkəməyə verərək, yığılıb qalan faizləri israrla geri tələb edib. O, sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar faiz tələb edir.

Gununsesi.info-ya açıqlama verən cavabdehin vəkili  Ceyhun Yusifov deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti və uydurma öhdəlik müqaviləsi ilə bağlı qarşı tərəfin vəkilinin əsassız açıqlamasından sonra qərara gəlib ki, ictimaiyyəti ətraflı məlumatlandırmaq məqsədi ilə yaxın günlərdə geniş mətbuat konfransi keçirsin:

“Deputatın Səbail Rayon Məhkəməsində qaldırdığı iddianın əsası və sələmdən sələm tələb etməsini, dostunun ölümündən sonra həmin saxta öhdəliyin necə tərtib edilməsi, dəyəri milyonlarla ölçülən əmlakın hansı üsulla yağmalanması haqda tam şəkildə detallarla bildiriləcək. Bu zaman aydın olacaq ki, qanunvericilik orqanının təmsilçisi qanuna necə hörmətsizlik edir, ən əsası da qanunu qəbul edən şəxsin primitiv qanundan xəbəri yoxdur”-, deyə o bildirib.

Vəkil deyir ki, deputat vətəndaşın əmlakını yağmalamağa, ələ keçirməyə cəhd edir: “Hesab edirəm ki, Rüfət Quliyevin etdikləri Milli Məclis üzvünə yaraşmayan, milli mentalitetimizə sığmayan məsələdir. Deputat bir kağız parçasını əlinə alıb və dünyasını dəyişmiş şəxsin ailəsindən 300 min manatdan artıq pul tələb edir. Özü də yazır ki, 17 min verib, əvəzində 300 min dollar faiz istəyir. Qarşı tərəfin təqdim etdiyi sübutlar şər-böhtan xarakterlidir. Deputatın vəkili deyir ki, guya faizə verdikləri pul Rüfət Quliyevin deyil, onun oğlunun olub. Digər tərəfdən də Rüfət Quliyevin imzası olan sələmə pul vermə müqaviləsini məhkəməyə təqdim edirlər. İddiaları tam olaraq əsassız iddiadır. ”Öhdəlik müqaviləsi” adlanan həmin sənədə lupa ilə baxsınlar, görsünlər orada deputatın oğlunun adı bir yerdə keçir? Digər tərəfdən də deputatlıq faizə pul vermək üçün lisenziya almaqdan azad edirmi?  Məgər Rüfət Quliyevin sələmçilik üçün lisenziyası var? Deputat bu fəaliyyətinə görə vergi ödəyib? Rüfət Quliyev mərhum dostunun əmlakını ələ keçirmək istəyərkən saymaqla bitməyən qanunsuz hərəkətlərini özü də bilmədən ictimai müzakirəyə çıxarıb. O, sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib”.

Anar

Gununsesi.info