XƏBƏR LENTİ

17 Fevral 2018

26 May 2016 - 16:48

Deputat: “Rusiya çəkilsə, Azərbaycan özü məsələni həll edəcək”

ferec

Son zamanlar Dağlıq Qarabağın həll olunması istiqamətində bir sıra addımlar atılır. Aprel döyüşlərindən sonra ölkə başçıları bir araya gəldi. 4 günlük aprel savaşında əldə olunan uğurlar vəziyyətin bizim xeyrimizə dəyişdiyini göstərdi. Bu döyüşdə xalqımızın əzmkarlığı ortaya qoyuldu. Həmin görüşdə bir sıra təkliflər səsləndi.

Bəs görəsən, son zamanlar beynəlxalq ictimaiyyətin tərəflərə təklif etdikləri prinsiplər necə qiymətləndirilir?

Moderator.az-ın suallarını  Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev cavablandırıb.

MDHP sədrinin müsahibəsini təqdim edirik:

– Fərəc müəllim, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü oldu. Qarşıda iyun ayında prezidentlərin yeni görüşü olacaq. Bunu necə qiymətləndirirsiniz? Sizcə, bu il münaqişənin həlli istiqamətində hansı yeniliklər ola bilər?

-Əslində dəyişikliklər var. Aprel savaşından sonra Azərbaycanın bölgələri xeyli möhkəmlənib. Azərbaycan öz hərbi gücünü nümayiş etdirdi. Həm əhalinin bir yerdə olması nümayiş olundu, həm də diplomatik sahədə Azərbaycanın daha ciddi uğurlara nail olduğu nümayiş olundu. Məsələ burasındadır ki, indiyə qədər Azərbaycanla təzyiqlər altında danışıqlar aparırdılar. Amma indi Azərbaycan özü təzyiq edən tərəfdədir. Mənim ciddi ambisiyam odur ki, Azərbaycan qələbənin bir addımlığında, beynəlxalq güclərin təkidi və xahişi ilə hücumu dayandırdı. Və onlar da qeyd etdilər ki, dinc yolla bu məsələni sona çatdırmaq istəyirlər. Bunu da Azərbaycan xoş məramla qarşıladı və nümayiş etdirdi ki, buyurun mənim hərbi gücüm var. Amma dinc yolla mümkünsə edin. İyun ayında yenidən prezidentlərin görüşü olacaq. Apreldən sonrakı dönəmdə nə Minsk Qrupunun üzvləri, nə də bizə yaxın güclər bu istiqamətdə ciddi addımlar atmayıblar. Kazan prinsiplərinin müzakirəsi zamanı ilkin tənzimlənən prinsiplərində qurğuların yerləşdirilməsi, atəşkəsin dayanması haqqında danışılsa da, bu sülhün konkret vaxtı müəyyənləşdirilməyib ki, bu nə vaxt bağlanacaq. Hansı status-kvo dəyişilməsi elan olunmur. Ermənistanın işğalçıları Azərbaycandan çıxmayıb. Bütün bunlar onu deməyə əsas verir ki, göründüyü qədər ATƏT-in Minsk Qrupunda olanlar bu məsələdə ciddi səy göstərmirlər. Bu cür davam edəcəksə, tərəflərdən ciddi nəticələr gözləmək mümkün deyil. Tərəflər deyəndə bitərəf kimi görünən ATƏT-in Minsk Qrupundan danışıram. Əgər belə davam edərsə, Azərbaycan tərəfi yəqin ki, iyun danışıqlarından sonra hərbi gücə əl atacaq. İnanıram ki, bu il Qarabağ münaqişəsinin hansısa formada sona çatması gözləniləndir. Mən əminəm ki, Azərbaycan bundan artıq səbir etməyəcək.

– Aprel ayında baş verən hadisələrin kəskinləşməsində BMT-nin günahkar olduğunu deyirlər. Nədənsə BMT-nin özü üçün çıxardığı qərarların icrasına əməl olunması haqqında tədbirlər görmədiyi qənəatindədirlər. Ümumiyyətlə, Qarabağla bağlı BMT-nin qərarları niyə yerinə yetirilmir? 

-Aprel döyüşlərinə görə BMT-ni günahkar tutmaq məsələsi doğru deyil. Amma əslində məsələ burasındadır ki, BMT nizamnaməsinin yeddinci bəndinə və 42-43-cü paraqraflarına görə, əgər qərarlar yerinə yetirilmirsə, onda hərbi və yaxud qeyri-hərbi sanksiyalar tətbiq olunmalıdır. Başqa dövlətlərə münasibətdə bu dərhal yerinə yetirilir və bunun icra mexanizmi var. Yerinə yetirilməsi üçün bir güc tətbiq olunsa, hərbi sanksiya tətbiq olunsaydı Ermənistan yerində oturardı. Bu mənada BMT günahkardır. Ümumiyyətlə götürəndə isə təbii ki, Ermənistan tərəfinin arxasında duran Rusiyadır. Mən hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoyulması tamam yanlışdır. Və əgər danışıqlar prosesində tənzimləmələrə ilkin anlaşmalar üçün şərtlər varsa, qurğular olsun, yaxud da atəşkəs olsun, yalnız o şərtlə ola bilər ki, Ermənistan zəbt etdiyi torpaqları tərk eləsin. Son danışıqlar masasında oturana qədər atəşkəs istənilirsə, müşahidə qurğularının yerləşdirilməsi nəzərdə tutulursa, bu qurğular yalnız Azərbaycan tərəfinə yerləşdirilə bilər. Azərbaycan tərəfindən atəşkəsə də o vaxt tam şəkildə əməl olunacaq ki, Ermənistan atəşlə zəbt etdiyi torpaqları tərk eləsin və Azərbaycan sərhədlərindən qoşunlarını çəksin. Bütün bunlar olmadan başqalarını günahlandırmaqdansa, erməniləri hərbi yolla torpaqlarımızdan çıxarmağı düşünmək lazım gələcək. Hesab edirəm ki, Azərbaycan xalqı özü addım atmalıdır.

– İndiyə qədər Dağlıq Qarabağla bağlı qətnamələrin heç biri yerinə yetirilmir. Münaqişənin çözümü üçün yaradılan ATƏT-in Minsk Qrupundan niyə imtina edilmir?

– Ümumiyyətlə, bu məsələ ilə bağlı dəfələrlə müzakirələr olub. Bu tərkibin dəyişməsi haqqında təkliflər olub. Onun fəaliyyətsizliyi ilə bağlı məsələlər müzakirə olunubdur. Və mən də müəyyən təkliflər səsləndirmişəm. Amma hesab edirəm ki, artıq ATƏT-in Minsk Qrupu məsələyə ciddi baxmaq istəmir. Daha çox bu üç həmsədr məsələyə ciddi baxmaq istəmir və iyun ayında danışıqlarda söz veriblər ki, konkret əməllə sübut olunmalıdır ki, bir iş görürlər, ya da geri çəkilməlidirlər ki, Azərbaycan öz işini özü görməlidir.

– Qarabağ münaqişəsinin həllində son zamanlar Rusiyanın aktivlik göstərməsinin necə qiymətləndirirsiniz? Rusiyanın Qarabağ məsələsində hansı maraqları var? 

– Bu məsələdə Rusiyanın elə də fəallığı yoxdur. Rusiya öz mənafeyini güdür. Danışıqlar prosesinin həyata keçməsi üçün konkret heç bir iş görməyib. Demək olar ki, Ermənistana heç bir təzyiq göstərməyib. Çünki Ermənistan işğalçı tərəfdir. Və Azərbaycan da yalnız atəşkəsin yenidən bərpa olunmasına cəhd edib. Hesab edirəm ki, bu proseslərin, Ermənistanın arxasında Rusiya dayanır. Rusiyanın heç bir köməyinə ehtiyac yoxdur. Ermənistanın arxasından çəkilsin. Azərbaycan öz məsələsini özü həll edəcək.

 Yeni müharibə başlaya bilərmi? 

– Əgər dinc yollarla Dağlıq Qarabağ münaqişəsi həll olunmayacaqsa, müharibənin başlanması labüddür. Başqa yol yoxdur. Azərbaycan torpaqları bütün hallarda azad olunmalıdır.