Deputat Rusiyanın hazırladığı xəritəni və rus “sülh məramlı” əsgərləri TƏNQİD ETDİ

  • By admin
  • 14 Dekabr 2020 16:49

Erməni yaraqlıları indiyə qədər işğaldan azad edilmiş torpaqlarımızda qalırsa, sülhməramlılar hara baxır?

“44 günlük haqq, ədalət savaşında məğlub olan işğalçı erməni tərəfinin tör-töküntüləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətməkdə davam edir.
Bir tərəfdən isə Rusiya “sülhməramlıları” tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni “xəritə” çəkib təqdim edir. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub”.
Gununsesi.org xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.
O bildirib ki, rus “sülhməramlılarının” hazırladığı yeni xəritə qeyri-realdır:
“Dağlıq Qarabağda sülhməramlı missiyanın üzərinə götürən Rusiya “sülhməramlılarının” hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var.
“Sülhməramlı” missiyanın vəzifələri, funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Məhz buna görə də Rusiya “sülhməramlıları” fəaliyyətini üzərinə götürdüyü öhdəlikləri çərçivəsində qurmalıdır.
Deputat deyib ki, Azərbaycan torpağında Azərbaycanın maraqları öndə olmalıdır:
“Ən əsası isə Azərbaycan torpaqlarında Azərbaycan xalqının maraqları öndə gəlməlidir.
“Sülhməramlı” əməliyyatlar Rusiya tərəfindən aparılırsa rus “sülhməramlıları” hansı atəşkəsə nəzarət edir? Erməni yaraqlıları indiyə qədər işğaldan azad edilmiş torpaqlarımızda qalırsa Rusiya “sülhməramlıları” hara baxır?
Haqlı mövqeyini müdafiə edən Azərbaycan tərəfi həm Rusiya “sülhməramlılarına”, həm də erməni tərəfinə anlaşmanın pozulacağı təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.
Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin “sülhməramlılarının” Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Xəritələrlə manipulyasiya və “sülhməramlıları” tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu göstərir.
Bu da Rusiyanın Azərbaycandakı imicinə zərbə vurur. Rusiya bilməlidir ki, Azərbaycan xalqı Bərdənin, Tərtərin, sərhəd bölgəsindən uzaqda yerləşən Gəncənin, mülki əhalinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu unutmayıb.

Gununsesi.org