Rusiya Dövlət Dumasının üzvü Vitali Milonov “NTV”-də yayımlanan “Bir milyonluq sirr” verilişində 6 uşağın atası olduğunu və onlardan 3-ü övladlığa götürdüyünü etiraf edib. V.Milonovun övladlığa götürdüyü uşaqlardan birinin özbək bir qız olduğu da bilinib.
Gununsesi.org -un rusdilli İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, xalq deputatı bütün övladlarına qədim rus adları verib və onları Pravoslav müqəddəslərinin şərəfinə adlandırıb: Yevdokiya, İlya, Marfa, Nikolay, Pelageya və Pyotr…
Verilişin aparıcısı Lera Kudryavtseva V.Milonovun övladlığa götürdüyü beş yaşlı Yevdokiyanın hekayətini dinləyən zaman göz yaşlarını saxlaya bilməyib. Özbəkistan əsilli bioloji ana hamiləliyini son günə qədər gizlədib və işlədiyi kafenin tualetində doğub. Bir neçə saat sonra isə daşürəkli ana doğma körpəsini şaxtalı qış günündə Sankt-Peterburqdakı parkların birinə buraxıb. Xoşbəxtlikdən tərk edilmiş qız uşağı həmin vaxt tapılıb və Dövlət Dumasının üzvünə qismət olub…
V.Milonov bütün övladlarına bərabər münasibət bəslədiyini, doğma və yadlara ayırmadığını da vurğulayıb.