Deputat: Tikinti sahələrində qaydaların pozulması şəhərlərdə hava çirklənməsini artırır

  • Müəllif: Orxan
  • 22 Sentyabr 2026 12:06

Böyük şəhərlərdə tikinti işlərinin aparılması zamanı ekoloji və sanitar tələblərə əməl olunmaması hava çirklənməsini daha da artırır.

Tikinti materiallarının daşınması, qazıntı işləri və tullantıların idarə olunması ilə bağlı qaydaların pozulması şəhər mühitində tozlanmanın əsas səbəblərindən birinə çevrilir.

Gununsesi.info-nun xəbərinə görə, deputat Naqif Həmzeyev Milli Məclisin İnsan hüquqları komitəsinin dünənkeçirilən iclasında bildirib ki, tikinti materiallarının üstü örtülmədən daşınması, qazıntı sahələrinin sulanmaması, eləcə də tikinti tullantılarının küçələrə səpələnməsi böyük şəhərlərdə onsuz da yüksək olan hava tozluluğu və çirklənməsi problemini daha da gücləndirir.

Onun sözlərinə görə, problemin ayrı-ayrı inzibati tədbirlərlə deyil, qanunvericilik səviyyəsində kompleks şəkildə həlli vacibdir.

Deputat hesab edir ki, bunun üçün ilk növbədə Şəhərsalma və Tikinti Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi nəzərdən keçirilməlidir.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsi, “Ekoloji təhlükəsizlik haqqında” qanun və yerli özünüidarəetmə, bələdiyyələrin səlahiyyətlərini müəyyən edən qanunvericilik aktlarının da təkmilləşdirilməsinə ehtiyac var.

Naqif Həmzeyev vurğulayıb ki, tikinti prosesinə nəzarət mexanizmləri gücləndirilməli, materialların daşınması, qazıntı sahələrinin idarə olunması və tikinti tullantılarının ərazidən çıxarılması ilə bağlı tələblərin icrasına daha ciddi nəzarət edilməlidir.

Elmar

Gununsesi.info