Deputat tıxaclara görə iş saatlarının dəyişdirilməsini təklif edir

“Son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb. Aydındır ki, infrastruktur genişlənməsəydi o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərin 70%-dən çoxunun Bakıda istifadə olunmasıdır. Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir – baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik ciddi çətinlik hesab olunmur”.

Bu sözləri son dövrlər paytaxt yollarında ən ciddi problemlərdən birinə çevrilən tıxaclarla bağlı Redaktor.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov dedi. Onun sözlərinə görə, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirəlayiqdir:

“Bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib. Digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir.

Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır, eyni zamanda da başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər.

Digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır”.

Millət vəkili qeyd etdi ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhfə verib.

“Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir.

Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”, – deyə Vüqar Bayramov vurğuladı.

Gununsesi.info