
Millət vəkili Q.Paşayeva Türk Ocaqlarında “Türk dünyasının ortaq problemləri” adlı konfrans keçirib.
Gununsesi.info-nun xəbərinə görə, Kahramanmaraşda Türk Ocaqlarında “Türk dünyasının ortaq problemləri” adlı konfrans keçirən millət vəkili Q. Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağıraraq, bunun vacibliyindən geniş danışıb.
Türk və Müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş fəal gənclərin qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva “Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq”-, deyib. Millət vəkili gənclərə səslənərək: “Topluma örnək olaraq bugünkü, eləcə də gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmişimizi və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”-,deyib.
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva: “Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik. Qardaşlıq yaxşı gündə də. çətin gündə də birlikdə olmaqdır. Bizim dədələrimiz, Azərbaycan türkləri Çanakkalada canlarını qurban verməklə, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanın ağır günlərində köməyə gələn Anadolu türkləri şəhid olaraq bizə gerçək qardaşlığın necə olduğunu hələ 100 il öncə bir daha yenidən öyrədiblər. Bundan sonra da belə olacaq. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər sizin, bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkdir. İnanıram ki, gənclərimizin əksəriyyəti, məhz, bu ruh və düşüncəyə sahib olacaqlar. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulaçaq istəyirəm”-, deyib.
Daha sonra Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşür”-, deyərək bunu yünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. O, Kahramanmaraşın mərkəzi parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək, bu cür addımların önəmindən də danışıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, Müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, Hələbdə, Türkməndağında, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, ümumiyyətlə, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- , deyə o konfrans iştirakçılarına xitab edib.
Millət vəkili Q. Paşayeva Türk Ocaqları gənclərini və Türk dünyasın ayrı-ayrı bölgələrindən gəlmiş fəal gəncləri maraqlandıran sualları da geniş cavablandırıb. Millət vəkili Q. Paşayeva konfransdan sonra Kahramanmaraş Türk Ocaqları rəhbərliyi, gənclik qolları, Türk dünyasıın ayrı-ayrı bölgələrindən gəlmiş fəal gənclərlə ayrılıqda da görüşərək, geniş fikir mübadiləsi aparıb və onları Azərbaycana dəvət edib.
Gülnaz Qənbərli
Gununsesi.info