Deputat XİN-dən narazı qaldı: “Açıqlama məni qane etmədi”

  • By arzu
  • 08 May 2020 12:37

“Həm Azərbaycan, həm Gürcüstan, həm Moldova öz torpaqlarının bir qismini işğal nəticəsində itirib. İran məsələsində XİN-in verdiyi açıqlama məni qane etmədi”.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Səməd Seyidov deyib.

O bildirib ki, bu təşkilatın fəaliyyəti çox önəmlidir: “Bu texniki dəyişikliklər həmin ölkələrin konstitusiyalarında olan dəyişikliklərlə bağlıdır. GUAM təşkilatının inkişaf etməsi, əlaqələrinin genişləndirilməsi və beynəlxalq səviyyədə fəaliyyəti ilə bağlı işlər görülməlidir”.

Deputat Fazil Mustafa bu kimi sənədlərin artıq ciddi şəkildə araşdırılmasını təklif edib: “Bu ənənəni qoymalıyıq. Milli Məclisin qəbul etdiyi sənədlərə görə total hücumlar başlayır. İran məsələsində XİN-in verdiyi açıqlama məni qane etmədi. Bu sazişdə nəzərdə tutulmayıb. İranın özbaşına əməlləri ilə bağlıdır. Müvafiq qurumlar yalandan populist addımlarla hakimiyyəti, parlamenti nüfuzdan sala biləcək çıxışlardan yayınmalıdır. Biz müəyyən mənada bəzi dövlətlərlə bağlı fikirlərimizi də açıq şəkildə deməliyik. Bu gün İranın orada körpü salması beynəlxalq hüquqa ziddir. Bu cür total hücumların qarşısını almaq üçün aidiyyəti qurumlar məsuliyyətini anlamalıdır. Milli Məclisin qəbul etdiyi bu sazişlə İrana istədiyini etmək imkanı yaratmış görüntüsü yaradırlar. Qarşımıza çıxan bu cür problemləri həll etməkdə həmrəylik göstərməyə çalışmalıyıq”.

Millət vəkili Sabir Rüstməmxamlı bildirib ki, İran və Azərbaycan arasında bağlanan anlaşma ilə bağlı ona da suallar ünvanlanıb: “Parlamentdə hər zaman iqtidar-müxalifət söhbətləri olub və olacaq. Ancaq bəzən cavan deputatlar bir çox məsələyə səthi yanaşırlar. Çünki vaxtilə Ayaz Mütəllibovun Xocalı ilə bağlı müsahibəsi və bəzi jurnalistlərin də buna qoşulmasının acı aqibətini yaşadıq. Həmin müsahibəyə görə ermənilər bizi uzun müddət ittiham edirdi ki. Xocalını məhz Azərbaycanlılar özləri təşkil edib. Bu gün burada səslənən fikirlərdən biri belə idi ki, guya Şuşanı da biz vermişik. Bu, doğru yanaşma deyil. Kimi istəyirsən tənqid et, amma torpaq məsələsində diqqətli olmaq lazımdır. Hamı bilir ki, Şuşa və digər torpaqlarımız güclü bir dövlətin əli ilə işğal olunub və ermənilərə verilib. Diqqətli olmalıyıq. Erməniləri təmizə çıxarmaq olmaz”.

I Vitse-spiker Əli Hüseynli həmkarı Sabir Rüstəmxanlıya cavab verib. O bildirib ki, bu gün burada heç kim Şuşanın ermənilər tərəfindən işğal edilmədiyi deməyib: “Bunu siz söylədiniz. Şuşanın işğalına hüquqi qiymət verilib. Səslənən fikirlər budur ki, o zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı şəxslər arasındakı qarşıdurma həm də Şuşanın işğalına şərait yaradıb. Böyük Vətən Müharibəsi ilə bağlı fərqli fikirlər mövcuddur. Amma bizim Şuşa ilə bağlı fikirlərimiz eynidir. Şuşa Ermənistan tərəfindən işğal olunub. Biz hər zaman o vaxt yaranan vəziyyətə lazım olan qiyməti verəcəyik”.

Spiker Sahibə Qafarova isə bildirib ki, bu məsələyə Heydər Əliyev və Prezident İlham Əliyev lazım olan siyasi qiyməti verib.

Gununsesi.org