
Tele-jurnalist Xoşqədəm Hidayətqızının İmişlidə atanın qızını zəncirləyərək illərlə tövlədə saxlaması ilə bağlı Xəzər TV-də hazırladığı sujet geniş müzakirəyə səbəb olub. KİV-də və sosial şəbəkələrdə jurnalisti buna görə dəstəkləyənlər də, tənqid edənlər də var.
Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyyə Naxçıvanlı həmin süjetdə baş verənlərlə bağlı mətbuata açıqlama verib. A.Naxçıvanlı qeyd edib ki, Xoşqədəm Hidayətıqızı İmişlidəki hadisə üzərində şou yaradaraq, insanların hissləri ilə oynayıb.
X.Hidayətqızının verilişini tənqid edən millət vəkili bildirib ki, hansısa rayonda, kənddə anormal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil: “Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır. Xoşqədəm Hidayətqızı və ATV-nin aparıcısı Zaur Baxşəliyev insanların hissləri üzərində şou yaradır, bunla özlərinə reytinq qazanırlar. Onların verilişləri reytinq üzərinə qurulub. Belə verilişlərin kimə nə faydası var? Elə proqramlar hazırlamaq lazımdır ki, adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunsun. “O onu döydü”, “tövlədə saxladı, zəncirlədi”, “başını kəsdi” və bu kimi hadisələr bizə lazım deyil”-, deyə millət vəkili baş verənlərə öz iradlarını bildirib.
A.Naxçıvanlı hesab edib ki, belə verilişlər insanları daim stress və gərginlikdə saxlamağa məcbur edir. “Onlar insanlara stress yaşadırlar. Televiziya qabağında yaylıq alıb ağlamağı öyrədirlər. 10 milyonluq əhalisi olan dövlətdə axmağı da, narkomanı da, xəstəsi də, dəlisi də var. Niyə biz yaxşıların içərisindən ən pisləri tapıb cəmiyyətə göstərməliyik? Bununla insanları stress, gərginlikdə saxlayırıq. Nə üçün? İnsanların psixikasını, əhval-ruhiyyəsini bilərkdən poza bilmərik. Əgər Xoşqədəm xanım İmişdə belə halla rastlaşmışdısa, efirə vermədən həll etməli idi. Bütün dünyaya çar çəkməyin nə mənası var”.
Millət vəkili: “Xoşqədəm veriliş aparır və halı pisləşir. Onun doğrudan da, əsəbləri elə verilişləri aparmağa dözə bilmirsə, aparmasın. Əhalinin gözü önündə dərman istəməyin və onu efirdə verməyin nə adı var? Ümumiyyətlə, Zaur və Xoşqədəmin verilişləri nəyə lazımdır?Onların verilişləri bağlanmalıdır. İnsanların hisləri ilə oynayırlar. Şou xətrinə bunu etmək olmaz. Bu, insana başucalığı gətirmir. Sensasiya yaratmağa ehtiyac yoxdur”-, deyib.
Gununsesi.info