Deputatdan Etibar Əliyevə dəstək: “Hər kəsin öz şair seçimi var”

  • Müəllif: Orxan
  • 04 Avqust 2026 09:28

Təhsil eksperti, sabiq deputat Etibar Əliyevin Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələr zamanı ekspertin mövqeyi birmənalı qarşılanmayıb və müxtəlif reaksiyalar doğurub.

Gununsesi.infoxəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa da münasibət bildirib.

Deputat bildirib ki, hər hansı şairi və ya onun yaradıcılığını bəyənməmək şəxsi zövq məsələsidir və bu, həmin sənətkarın ədəbi dəyərini azaltmır.

Fazil Mustafanın sözlərinə görə, bir müəllifin yaradıcılığını bəyənmədiyini söyləyən şəxs nə şairi, nə də onun əsərlərini təhqir edirsə, buna görə hədəfə çevrilməsi doğru deyil. O qeyd edib ki, müxtəlif zövqlərin mövcudluğu plüralizmin təbii göstəricisidir və hər kəsin fərqli ədəbi baxışlara sahib olmaq hüququ var.

Deputat Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Ramiz Rövşən, Nəriman Həsənzadə və Aqşin Yenisey kimi şairlərin adlarını çəkərək vurğulayıb ki, kiminsə bu şairləri bəyənməməsi onların ədəbiyyat tarixindəki yerini dəyişmir. O, oxucuların sevdikləri müəllifləri oxumağa davam etmələrinin ən doğru yanaşma olduğunu bildirib.

Fazil Mustafa əlavə edib ki, cəmiyyətdə “zövq zorakılığı” və “düşüncə təcavüzü” kimi halların geniş yayılması sağlam müzakirə mühitinə zərər vurur.

Onun fikrincə, fərqli baxışlara dözümlə yanaşmaq və şəxsi zövqləri mütləq həqiqət kimi təqdim etməmək vacibdir.

Qeyd edək ki, Etibar Əliyev Nəriman Həsənzadə haqqında bu sözləri yazıb:

“Nəriman Həsənzadə 95 yaşında vəfat etdi. Yaşadı, yazdı, yedi, gəzdi, dolaşdı və öldü. Yeri behişt olsun. Yəhudilər şairləri peyğəmbərlərin davamçısı hesab edirlər.  Bizim bu zümrəyə baxışımız tamamilə fərqlidir. Nədənsə, böyük şairlər ən yaxşı şeirlərini cavan vaxtlarında yazıblar. Cavan yaşlarında ölümləri ilə daha çox yadda qalıblar və seviliblər. Bayron 34 yaşında, Şelli 30 yaşında, Mayakovski 37 yaşında, Brodski 56 yaşında, Mikayıl Müşfiq 30 yaşında, Cəfər Cabbarlı 35 yaşında, Lermontov 27 yaşında, Əli Kərim 38 yaşında, Puşkin 38 yaşında, Abbas Səhhət 44 yaşında, Selan 50 yaşında, Səməd Vurğun 50 yaşında, Məhəmməd Hadi 44 yaşında dünyasını dəyişib. Hərənin öz şair seçimi var. Mən Əlisəmid Kürün şeirlərini mərhumun şeirlərindən üstün tuturam. 58 yaşında vəfat etmiş Nüsrət Kəsəmənli  isə Həsənzadədən bir mənalı olaraq böyük şairdir. Bunları yazmaqla onun tərəfdarlarından əsla qorxmadım, çünki bu mənim azad seçimimdir… Şəxsən mən Abbas Səhhətin “Vətən” şerini və Səməd Vurğunun “Oxu gözəl” şeirini, Əli Kərimin “İki sevgi” şeirini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişmərəm. Ramiz Rövşənə isə Mafusail ömrü arzulayıram… Allah dünyasını dəyişmiş şairlərimizi rəhmət eləsin”.

Orxan

Gununsesi.info