Deputatdan maliyyə nazirinə sual: “Gəncə və Lənkəranda inşa olunan, amma istifadəyə verilməyən penitensiar müəssisələrin taleyi necə olacaq”?

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları Komitəsinin üzvü Naqif Həmzəyev Azərbaycanda inşa olunan, lakin istifadəyə verilməyən Penitensiar Müəssisələrin taleyindən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifova sual ünvanlayan deputat bildirib ki, Gəncə və Lənkəranda dövlətin on milyonlarla vəsaiti hesabına Penitensiar Müəssisələr inşa olunub :

“Ancaq bu müəssisələrin taleyi sual altında qalıb. Uzun illərdir ki, həmin inşa olunan müəssisələrin tamamlanması prosesi dayandırılıb. Bu isə dövlət on milyonlarla vəsaiti deməkdir. Bilmək istərdim ki, 2024-cü ildə bu müəssisələrin taleyi necə olacaq?

Burada cəza çəkən insanların özlərinin daha müasir, Avropa Penitensiar Qaydalarına uyğun olaraq normal şəraitdə cəza çəkməsindən söhbət gedir.

Eyni zamanda bölgələrdən olan insanların onları ziyarət etməsi də asanlaşır.

İnsanlar artıq əziyyət çəkib müxtəlif rayonlardan Bakıya gəlib, öz cəza çəkən yaxınlarını görməyəcəklər. Hesab edirəm ki, bu məsələ tezliklə həllini tapmalıdır.”

Deputatın bu fikirlərinə cavab olaraq maliyə naziri Samir Şərifov bildirib ki, bu məsələdən xəbərsizdir.

Məsələni araşdırdıqdan sonra Milli Məclisin növbəti iclasında ona bu barədə məlumat verəcək.

 

Şəbnəm Rəhimova

Gununsesi.info