Deputatdan nazirliyə ittiham - Fəaliyyəti şəffaf deyil, vətəndaşın soyulmasına xidmət edir

  • By admin
  • 12 Avqust 2022 00:34

Məlum olduğu kimi, ölkədə internetin qiyməti bahalaşıb.

Qeyd edək ki, bu bahalaşma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində etdiyi dəyişiklikdən sonra baş verib.
Qəribədir ki, bu bahalaşma vətəndaşlardan gizli saxlanılıb.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Fazil Mustafa isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini ittiham edib.

Deputatın sözlətinə görə, onların vətəndaşa xidmət anlayışı yoxdur:
”Heç bir normal xidmət göstərmədən insanların pulunu mənimsəyirlər. Vətəndaş onlar üçün pul qazanmaq mənbəyi olduğuna görə, xəbərdarlıq etməyi də özlərinə çox görürlər. Hələ az qaldırıblar, ürəkləri istəsə, 3-5 dəfə də qiyməti qaldıra bilərlər. Çünki onları vətəndaş düşündürmür. Onların fəaliyyəti şəffaf deyil, vətəndaşın soyulmasına xidmət edir. Bu qurumların fəaliyyətinin məntiqli izahı olmalıdır. Kiminlə müzakirə etdilər? Hansı rəyi aldılar? Əvvəlcədən hansı xəbərdarlıq ediblər? Xəbərdarlıq etmirlər və özlərini borclu da saymırlar. Düşünürlər ki, vətəndaş onlara borcludur. Xidmətin səviyyəsi də keyfiyyətli deyil. Keyfiyyətli olmayan səviyyədə bu qədər artım etmək yaxşı hal deyil. Bu xidmət sahələri illərdir, vətəndaşın cibinin soyulmasına yönəlik fəaliyyət göstərir”.
Millət vəkili hesab edir ki, internetin qiymətinin artırılması soyğunçuluqdan başqa bir şey deyil:
Keyfiyyət aşağı düşür, amma qiymət artır. Məsələni gündəmə gətirsək də, təsir edəcəyimiz bir mexanizm yoxdur. Hansısa bir nəzarət mexanizmi olmadığı üçün hamı bir cür qiymət artırır. Hərə özünə yaxın adamı bir yerdə oturdub, camaatın pulunu bacardıqca alırlar. Xəbərdarlıq etmədən qiyməti qaldırırlarsa, deməli arxayındırlar ki, heç kim heç nə deməyəcək”.
Günay Təhməzova
Gununsesi.info