Birinci Qarabağ müharibəsində övladını gizləyib müharibəyə göndərməyənə yaxşı baxırdılar və deyirdilər ki, ağıllı, fərasətli adamdır. İkinci Qarabağ müharibəsində isə bu tip insanlara nifrətlə baxırdılar və müharibədən yayınanlar, yaxud çağırılmayanlar özlərini pis hiss edir, adam içinə çıxmırdılar. Utanırdılar. Saxta COVID-19 pasportları ilə də eyni hadisə baş verməlidir. Saxta pasport almaq həm özünü, həm onu verən həkimi, həm də ətrafdakıları təhlükəyə atmaqdır.
Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib.
O bildirib ki, saxta COVID-19 pasportu almaq risklidir: “Koronavirus pasportu alanlara və almaq istəyənlərə bir xatırlatma: Allah eləməsin, birdən xəstələnsəniz və Allah eləməsin, birdən xəstəxanaya yerləşdirilsəniz, valideynləriniz, qohumlarınız qorxu və həyəcandan etiraf etməli olacaqlar ki, peyvənd pasportu saxta olub. Bunu ona görə edəcəklər ki, müalicə düzgün aparılsın. Bu zaman nə baş verəcək? Xəstəxana, həkim müəyyən edilib həbs ediləcək və nəticədə onlarla insan da aşkara çıxarılıb məsuliyyətə cəlb ediləcək. Bu, bütöv bir riskdir. Neçə ailə, insan stress yaşayacaq.
Onun üçün də sınaqdan çıxmış bir deyimə əməl edin: ən böyük biclik düzlükdür. Odur ki, saxta COVID-19 pasportu alanlara da fərasətli adam kimi baxmayaq, onlara elə yanaşaq ki, qoy məsuliyyət və qorxu hiss etsinlər. Allah eləməsin, başlarına gələ biləcək fəlakətlərdən dolayı”.
Gununsesi.info