Deputatdan təklif "Süpürgəçi 450, elmlər doktoru 764 manat..."

“Küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır, onlar hər dəfə mənimlə görüşdə bu məsələni hökumətin diqqətinə çatdırmağı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahəni təcili özəlləşdirməyi təklif edirəm. Akademiyada elmlər doktoru 764, fəlsəfə doktoru 647, elmi işçi 445, kiçik elmi işçi 415 manat maaş alır. Onların əmək haqlarının artıırılmasına ciddi ehtiyac var. Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə, keçən il dünyasını dəyişən kişiərin 47.5%-i pensiya yaşına, 65 yaşa çatmayıb. Bu, hamımızı düşündürməli və narahat etməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib.
O qeyd edib ki, güclü yağış yağanda su basan “gecəqondular” tikinti şirkətlərinə verilməli, müasir kanalizasiya sisteminin çəkilməsi onlara tapşırılmalıdır:
“Eynilə zirzəmiləri kanalizasiya suları ilə dolmuş, həyətlərinin abadlaşdırılmasına ciddi ehtiyac duyulan 9 mərtəbəli binalar da. Xarici investorlar cəlb edilməklə neftayırma zavodu Bakının mərkəzindən köçürülməlidir. Ölkədə dövlət müəssiələrinin və xidmət sahələrinin özəlləşdirilməsinə gedilməli, qarşıdakı illərdə neft gəlirlərinin azalacağını da nəzərə alaraq vaxt itirmədən Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, tam olaraq azad bazar iqtisadiyyatına keçməliyik. Təkliflərimin öyrəniləcəyi və nəzərə alınacağı ümidi ilə görülən işlər görə hökumətə təşəkkür edir, islahatların həyata keçirilməsində uğurlar arzu edirəm, Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə görə hökumətə təşəkkür edirəm, büdcə layihəsinə səs verəcəm.