Deputatdan Zəfər Günü təbriki

  • By admin
  • 07 Noyabr 2021 14:41

Bir neçə həftə öncə Dövlət Müstəqilliyimizin bərpa olunmasının 30 illik yubileyini qeyd etdik. 1920-ci ildə itirib yalnız 1991-ci ildə bərpa edə bildiyimiz müstəqillik Azərbaycan xalqının dünyanın azad xalqları və müstəqil dövlətləri ilə bir sırada yer almasını təmin edən tarixi qələbəmizdir.

Milli Müstəqilliyimiz minillər ərzində hürr yaşamış əcdadlarımızın yaratdığı və bizə miras qoyduğu dövlətçilik ənənələrimizə və bu ənənələr zəminində 1918-ci ildə canları və qanları bahasına İslam Şərqində ilk Demokratik Respublikanı elan etmiş sələflərimizə sadiq və sahib çıxdığımızı təsdiq edən və bununla da hər bir Azərbaycanlıya qürur və şərəf yaşadan əvəzsiz sərvətimizdir. Müasir dövrümüzün siyasət nəhəngi Heydər Əliyevin dediyi kimi, o “əbədidir, dönməzdir və sarsılmazdır”.
Bu gün isə yeni tariximizin ən şərəfli gününü – Zəfər Gününü böyük təntənə ilə qeyd etməyə hazırlaşırıq. Bu iki tarixi gün arasında qırılmaz bir bağlılıq var.
Doğrudur, 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimizin bərpasını elan etdik, lakin bu möhtəşəm tarixi hadisənin sevincini yaşaya bilmədik. Müstəqilliyimizə yenidən qovuşmağımıza mane olmaq üçün bizi 30 il davam edəcək qanlı və məkrli bir müharibəyə sürüklədilər. Müstəqilliyimiz bizə çox baha başa gəldi:
Yüz minlərlə soydaşımız tarixi Qərbi Azərbaycan torpaqlarımızdan qovularaq qaçqına çevrildilər, ölkəmizin ərazisinin 20 %-i düşmən tərəfindən işğal olundu, həmin ərazilər etnik təmizlənməyə məruz qoyuldu və yenə də yüz minlərlə soydaşımız köçkünə çevrildi. Qanlı işğal əməliyyatları zamanı 10 mindən çox vətəndaşımız düşmən tərəfindən amansızlıqla qətlə yetirildi.
Amma bütün bu məhrumiyyətlər xalqımızı azadlıqdan və müstəqillikdən imtina etməyə vadar edə bilmədi. Maddi, mənəvi və psixoloji sarsıntılarla dolu bu dözülməz vəziyyət 30 il davam etdi. Amma bu 30 il də Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə, üzləşdiyimiz haqsızlıq bizi daha da mətinləşdirdi və Ədalətin təntənəsinə inamımızı və mübarizə əzmimizi daha da gücləndirdi. Nəhayət 1 il öncə elə bu günlərdə Ədalət zəfər çaldı.
Bu Azərbaycan xalqının ən azı son 2 əsrlik tarixində öz qanı və canı bahasına qazandığı ilk ən böyük hərbi-siyasi Zəfərimiz oldu. Torpaqlarımız işğaldan azad olundu, 1 milyondan çox qaçqın və köçkün soydaşlarımızın öz doğma yuvalarına qayıtmaq xəyalları gerçəkliyə döndü. Azərbaycan tarixinə şərəfli bir Gün yazıldı – Zəfər Günü.
Bu Azərbaycan Ordusunun şərəfli bir Qələbəsi idi. Məğlubedilməz Ordumuz minlərlə can qurban verərək gələcək nəsillərimiz üçün şanlı bir qəhrəmanlıq dastanı yazdı. Onlar öz ölümləri ilə ölməzliyə qovuşdular. Qovuşdular ki, Azərbaycan yaşasın! Azərbaycan yaşadıqca bu qəhrəmanlıq salnaməsini xalqımızın tarixinə öz qanları ilə yazmış şəhidlərimizin əziz xatirəsi hər bir Azərbaycanlının ürəyində yaşayacaq. Allah Şəhidlərimizə Rəhmət eləsin!
Bu şərəfli tarixin müəllifi münaqişənin sülh yolu ilə həll olunması üçün uzun illər ərzində usanmadan çalışan, xalqımızın istək və arzularını reallaşdırmaq üçün Azərbaycanı dünya siyasətinin bütün labirintlərindən ən yüksək siyasi məharətlə keçirərək an-ba-an qələbəyə yaxınlaşdıran və nəhayət, “İrəli” əmrini verməklə Ordumuzu bu şanlı Qələbəyə qovuşduran Prezident, Ali Baş Komandan İlham Əliyev oldu.
Bu – bütün Azərbaycanın və Yer üzərində yaşayan bütün Azərbaycanlıların Zəfəridir.
Zəfər Gününüz mübarək olsun!

 

Cavanşir  Feyziyev

Milli Məclisin düputatı