Bu yaxınlarda tanınmış yazıçı, millət vəkili İmamverdi İsmayılovun mətbuatda dərc olunan “Bayquş və qarovulçu” hekayəsi böyük oxucu marağına səbəb olmaqla yanaşı, ədəbiyyat cameəsində də ciddi əks-səda doğurub. Hətta bir sıra tanınmış qələm adamları, tənqidçilər “Bayquş və qarovulçu” hekayəsi ilə bağlı geniş məqalə ilə çıxış ediblər. Məsələn, akademik Nizami Cəfərov hekayənin ədəbi təhlilinə həsr etdiyi məqalədə yazır: “İmamverdi İsmayılovun bu hekayəsi ədəbiyyatımızda klassik ənənə ilə müasirlik arasındakı qarşılıqlı əlaqənin istedadlı qələm sahibinin yaradıcılıq təcrübəsində münbit və tükənməz mənbə olduğunu göstərir. Hekayə, bir mənada, “nəsillərin dəyişməsi” adlandırıla bilən bizim dövrün səciyyəvi insanlarını ideya-estetik təsvir (və təhlil) predmetinə çevirməklə, hər cəhətdən, maraqlı sosial münasibət mənzərələri yaradır”.
Filologiya elmləri doktoru Cahangir Məmmədli isə “Bayquş və qarovulçu”nun janr etibarilə hekayə formatında olduğunu, “ancaq onun məzmununda bütöv bir roman formatının yatdığını” vurğulayıb.












