Deputatın adı cinayət işində hallanır

Səttar Möhbalıyevin adı milyonluq dələduzluqla bağlı cinayət işində hallanır

Gununsesi.info-nun əldə etdiyi məlumata əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adı xeyli vaxtdır ki, milyonluq dələduzluqla bağlı cinayət işində hallanır. Söhbət metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunun ərazisini satmaq adıyla tikinti şirkətlərinin rəhbərlərinin aldadılmasından gedir. Buna görə dəfələrlə deputatın dindirilməsi tələb olunub.

Zərərçəkmişlərin nümayəndəsi və vəkili Aslan İsmayılov da deyir ki, Möhbalıyev dindirilmədən bu iş üzrə obyektiv, ədalətli hökm çıxarıla bilməz.

“Biz istintaqda da onun dindirilməsi barədə vəsatət qaldırmışdıq, təəssüf ki, təmin olunmadı. Məhkəmədə də bu məsələni qaldırırıq, hələ ki, əhəmiyyət verilmir. Halbuki, bu çox vacibdir. Həm təqsirləndirilən şəxslər, həm də zərərçəkənlər bu adamın adını çəkir, onun işin içində olduğunu deyir. Onu dindirmədən bu işə necə baxmaq olar?”, – İsmayılov bildirib.

 

 

Gununsesi.info