Deputatın Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artması təklifini rektor dəstəkləyib

  • By admin
  • 10 Noyabr 2016 13:55

qanire

Qarabağ həqiqətlərinin daha geniş yayılmasında fəallığımız daha da artmalı, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, Dr. Qənirə Paşayeva Pamukkale Universiteti rektoru Prof. Dr. Hüseyn Bağ və universitetdə təhsil alan gənclərlə görüşündə deyib.

Millət vəkili Q.Paşayevanı universitetdə salamlamaqdan məmnunluğunu duyduğunu deyən rektor,  prof. Dr. Hüseyn Bağ qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. O, universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.

Millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Pamukkale Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu vurğulayıb.

Pamukkale Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib. Eləcə də,  azərbaycanlı tələbələrin də öz növbəsində Pamukkale Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını  deyib.

 Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb.

Pamukkale Universitetinin rektoru, Prof. Dr. Hüseyn Bağ rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə Azərbaycan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib.

Dəvət üçün təşəkkürünü bildirən millət vəkili rektora Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri və mədəniyyəti ilə bağlı materialları hədiyyə edib.

Gülnaz Qənbərli

Gununsesi.info