Deputatlar Almaniyanın ATƏT-dəki sədrliyindən müsbət nəticəyə ümidlidirlər

  • By admin
  • 09 Avqust 2016 15:47

almannn

 

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents avqustun 9-da Milli Məclisdə olub.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev görüşdə son illər ölkəmizin əldə etdiyi uğurlardan, Ermənistan-Azərbaycan münaqişəsindən danışıb. Bildirilib ki, Azərbaycan Almaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına, o cümlədən parlamentlərarası əlaqələrin genişlənməsinə böyük önəm verir.

Qrupun digər üzvləri də diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsinə yönəldərək Almaniyanın ATƏT-ə sədrliyi dövründə problemin həlli ilə bağlı konkret addımlar atılacağına ümidvar olduqlarını bildiriblər.

Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupuna sədrlik etməkdən məmnunluğunu ifadə edən Karin Ştrents bu cür görüşlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. O, Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının tərəflər üçün faydalı olduğunu söyləyib. Dostluq qrupunun rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, BMT-nin qətnamələrinə uyğun olaraq həll edilməsinin önəmini vurğulayıb.

Gununsesi.info