Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2019-cu ilin payız sessiyası üçün bir sıra məsələləri müzakirəyə çıxarmaq istəyir.
Bu barədə Oxu.Az-a komitənin üzvü Vahid Əhmədov deyib.
O bildirib ki, müzakirələr zamanı bank sistemindəki müəyyən problemlərə toxunulacaq:
“Bundan başqa, yarımçıq qalan qanun layihələrinə də baxmalıyıq”.
Deputat qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması üçün də məsələ qaldıracaq:
“Biz istəyirik ki, 2019-cu ildə Rəqabət Məcəlləsini qəbul edək. Bu, Strateji Yol Xəritəsində də öz əksini tapıb”.
Bank sistemindəki problemlərə gəlincə, V.Əhmədov vurğulayıb ki, faiz dərəcələri yüksək olaraq qalır:
“Biz bank sistemində faiz dərəcələrinin aşağı salınmasını ciddi şəkildə hiss etmirik. Çalışacağıq ki, bank rəhbərləri ilə görüşlər keçirilsin.
Bank sisteminin sağlamlaşdırılması üçün hansı addımların atılmalı olduğunu da müzakirə etmək niyyətindəyik. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin həlli istiqamətində müəyyən işlər görüb. Amma hesab edirəm ki, bu, kifayət etmir”.
Qeyd edək ki, Milli Məclisin 2019-cu il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.
Gununsesi.org