Deputatlar bayağı verilişlərə görə telekanalları tənqid ediblər

“Son illər yerli telekanallara baxanların sayı bir neçə dəfə azalıb”.

Gununsesi.info -nın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, bayağı məzmunlu verilişlər televiziyaların əsas hissəsinə çevrilib: “Bayağı şou proqramların artması, şou əhlinin əsas simalar kimi təqdim olunması Zəfərimizə, məqsədimizə də uyğun deyil”.

Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, kütlənin zövqü televiziyaların yayım siyasətini müəyyən etməməlidir: “Bu gün çoxsaylı İnternet telekanalı mövcuddur. Onların arasında kifayət qədər səviyyəli olanlar var. Ancaq elə İnternet telekanalları var ki, ciddi reklam resursları olmaya-olmaya böyük imkanlara malikdir. Onların qarşısına Soros ideyalarını təbliğ etmək, ermənilərin əli ilə edə bilmədiyini – Azərbaycanı daxildən dağıtmaq missiyası qoyulub. Bu gün özünü müxalifət lideri kimi təqdim edən birinin oğlu qondarma erməni soyqırımını tanıdığını bildirib. Ata oğluna görə hüquqi məsuliyyət daşımasa da, mənəvi məsuliyyət daşıyır. Bunu bir məmurun oğlu etsəydi, münasibət necə olardı? Bir məmurun övladı təsadüfi qəza törədəndə belələri necə səs-küy salır?”

Deputat Razi Nurullayev də telekanallarda bayağı verilişləri tənqid edib.

 

Gununsesi.info