YAP-çı deputatların çıxışları niyə bumeranqa çevrilir? - EKSPERT RƏYİ

  • By admin
  • 13 Dekabr 2016 14:06

vahidddd

“YAP-çı deputatların nə deməsindən asılı olmayaraq, əhali real vəziyyəti çox gözəl bilir”

 Son zamanlar hakim Yeni Azərbaycan Partiyasını (YAP)  parlamentdə təmsil edən deputatların ölkədəki böhran və  onun təsirləri barədə açıqlamaları bumeranq effekti verir. Demək olar ki, bununla bağlı ağzını açıb kiçik açıqlama verən hər bir YAP-çı sosial şəbəkələrdə ən sərt formada  tənqid və təhqirlərə məruz qalırlar .

Gununsesi.info-nun xəbərinə görə, parlamentdə 2016-cı ilin büdcə müzakirələri zamanı  bir sıra  millət vəkili “gözlənilməz və hesablanmamış” çıxışları ilə özlərini “gündəmə” gətirdi, sosial şəbəklərdə müzakirə obyektinə çevrildi.  Bəzi deputatların bahalaşmayla bağlı xalqa verdiyi “ürək-dirək” , onsuz da kasıblıq, işsizlik içərisində çabalayan xalqı özündən çıxardı.  Deputatlar necə deyərlər,  qaş düzəltdikləri yedə, göz çıxardılar.

Artıq tarixə qovuşan çıxışlarda Milli Məclisin vitse-spikeri Bahar Muradovanın vətəndaşlara ünvanlanmış  “hər kəs ayağını yorğanına görə uzatmalıdır” fikri geniş rezonansa səbəb oldu. Mediada bu barədə yazılan məlumatda qeyd edilirdi ki, B.Muradova hökumətdən gözləntilərin arxa plana keçirilməli olduğunu deyib: “Əhali kasıb yaşamağa öyrəşməli və hər kəs ayağını yorğanına görə uzatmalıdır”. Düzdür, sonradan vitse-spiker bu məsələni təkzib etdi, belə bir çıxış etmədiyini elan etdi, amma bu, o qədər də inandırıcı olmadı.

Adını bu günədək qalmaqallarda eşitdiyimiz deputat Mirzəcan Xəlilov isə  suyun qiymətinin bahalaşdırılması təklifi ilə “gündəmə” gəldi. Onun sözlərinə görə, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırlması “Azərbaycan Melotrasiya və su Təsərrüfatı” ASC və “Azərsu”-ya təsirsiz ötüşməyəcək. “Belə ki, Tarif Şurasının qərarı suyun qiymətinin artımını qaçılmaz edəcək. Odur ki, hökumət bu məsələyə baxmalıdır və Tarif Şurası qiymətlər məsləsinə baxmalıdır”. O suyun satış qiymətinin artırlmasını təklif edib. Bunun səbəbini açıqlayan deputat deyib ki, çünki adı çəkilən təşkilatlar elektrik enerjisi ilə işlədiyindən elektrik enerjisinə olan sərfiyyatı artıracaq. Təəssüf ki, onun təklifi artıq reallaşıb.

Deputat Hüseynbala Mirələmov isə “quşu lap gözündən vurub”. Televiziyalardan birinə açıqlamasında o da xalqı az yeməyə çağırıb: “Ayağını yorğanına görə uzat. Azdır, az ye, çoxdur, çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.
Qeyd edək ki, H.Mirələmov da sonrakı açıqlamasında fikirlərinin təhrif edildiyini iddia edib.
Adları qeyd edilən deputatların çıxışları günlərdir ki, gündəmi zəbt edib. İnsanlar haqlı olaraq narazılıq edirlər, deputatların özlərinin əməkhaqlarının artması tələbiylə çıxışları, güzəranlarının sadə vətəndaşlardan qat-qat yaxşı olması ciddi müzakirə mövzusudur.

Gununsesi.info-ya bu cür çıxışları şərh edən ekspert Vahid Məhərrəmov hesab edir ki,  millət vəkilləri baş verənləri  özlərinə sərf edən formada təqdim edirlər:

“Ola bilsin ki, onlar ümumiyyətlə, ölkədə nə baş  verdiyini bilmir, anlamırlar.  Sanki bir-birinin işlətdiyi ifadələri   cürbəcür formada ictimaiyyətə yenidən çatdırırlar.  Vəziyyət bizim üçün aydındır.  Həqiqətən də  Milli Məclisin “seçilmiş”  deputatları  reallıqları bilmirlər.  Məsələn,  kənd təsərrüfatı sahəsiylə bağlı parlamaentdə bu sahəni bilən bir nəfər də olsun mütəxəsis-deputat yoxdur.  Onların çıxışlarından da  belə başa  düşmək olar ki, bunlar hətta, bilmədikləri sahəylə bağlı açıqlamalar verir, xalqın sərt təpkisiylə üzləşdikdə isə fikirlərindən imtina edirlər. Bu da əhalidə onlara qarşı qıcıq yaradır”.

Ekspertin fikrincə, millət vəkillərinin nə deməsindən asılı olmayaraq, əhali real vəziyyəti çox gözəl bilir: “Əhali çox yaxşı bilir ki, kənd təsərrüfatı batıb, gedib.  Statistik məlumatlara baxın; bu ilin məlumatı hələ tam açıqlanmayıb. Amma ötən ilin açıqlamasına görə, ölkədə  nə qədər barama, pambıq, tütün istehsal olunduğu açıqlanıb. Bu sahələrin adını ona görə çəkirəm ki, hökümət  son zamanlar bu sahələrdən valyuta gəliri əldə etmək istəyir. Ümmulikdə götürəndə, son illərdə ölkəyə 1 milyon 500 min ton buğda idxal olunub. Bu, ərzaq buğdasına olan tələbatının 100 faiz ödənilməsi deməkdir. Ancaq idxalın hesabına. Ölkədə  son 10 ayda ətin idxalı  2 dəfədən çox artıb.  Süd idxalı  61 faiz, tərəvəz idxalı isə 35 faiz artıb. Hətta, meyvə tərəvəzi belə özümüzü təmin edəcək qədər istehsal edə bilmirik. Çox kritik vəziyyət yaranıb.  İdxal artıbsa,  demək  istehsal azalıb. İstehsal azalıbsa, kəndlilərin gəliri də azalıvb. Kəndlilərin gəlirləri azalıbsa, demək,  ümumiyyətlə, kənddə yaşayan əhalinin işlə təminatı çox bərbad haldadır. Belə olan halda onların gəlirlərinin azalması o deməkdir ki, onların sosial durumu get-gedə  pisləşir. Onlarn ailə  üzvləri normal qidalana bilmir.  Onlar gündəlik xərclərini ödəmək üçün  istehsaldan gəlir əldə edə bilmirlər. Axi bu adamlar nə etməlidirlər?”-deyə, o, bildirib.

V.Məhərrəmov hesab edir ki,  əvvəllər əhalinin bir hissəsi Rusiyadan qazanc ədə edirdisə, indi bu hal da azalıb:

“Oradan qazandıqlarından ailələrinə də vəsait göndərirdilər. Artıq bu da tükənib. Hazırda azərbaycanlılar Rusiyada da gəlir əldə edə bilmirlər ki, həm özlərini, həm də yaxın qohumlarının güzəranını təmin etsinlr. Azərbaycanda sosial-iqtisadi durum olduqca kritikdir. Bunu nə deputatlar, nə də bu sahəyə məsul olan nazirlər bilir. Onlar özləri də bu sahədən bixəbər olduqları üçün müəyyən addımlar atmaq lazımdır. Odur ki, tərsinə iş görür, açıqlamalar verirlər, bu da bumeranq effekti verir.  Bu gün yaxşı ki sosial şəbəkələr var. Əhalinin bir hissəsinin soaial şəbəkədə  fəalliğı həm də onunla bağlıdır ki, əhali  mövcud olan vəziyyəti yaxşı bildikləri üçün deputatların  bu cür bumeranq effekti yaradan açıqlamalarına  irad tuta bilirlər. Həqiqətən də ölkədə iqtisadi vəziyyət çox kritikdir və get-gedə də  daha pis hal alır.  Baxın, ölkədə hər hansısa bir sənaye müəssisəsinin  adını çəkə bilərikmi ki, pis-yaxşı məhsul istehsal etsin, xaricə məhsul sata bilsin? Yaxud da, elə daxildə özümüzün tələbatımızı ödəyə bilirikmi?

Ərzaq məhsullarıyla bağlı biz idxaldan asılıyıq. Sənaye məhsulları isə  paltar və geyimləri Türkiyə və Çindən,  eləcə də avadanlıqlar, texnoloji avadanlıqlar, elektrik malları hamısı xaricdən alınır.  Adi yumurtanı Azərbaycanda istehsal edə bilmirlər. Yumurtanı istehsal etmək üçün toyuqlar cücə vaxtı  xaricdən gətirilir. Elə yemləri, dərman preparatları  da həmçinin.  Bəs biz nə istehsal edirik? İstehsal etdiyimiz qaz və neftdir. Onu da əhəliyə baha qiymətə satırıq. İmkan vermirik ki,  onlar neftin, mazutun, dizel yanacağının hesabına  həm ucuz, rəqabət qabiliyyətli məhsul istehsal etsinlər, həm də dünya bazara çıxsınlar, həm də daxili tələbatı ödəsinlər.

Niyə İran  öz ölkəsi üçün  ucuz satır? Niyə hətta, geridə qalmış dediyimiz ölkələrdə , eləcə də özləri neft istehsal edən ölkələr bunu anlayır, kənd təsərrüfatı  xüsusi proqram çərçivəsində  dizel yanacağı, ümumiyyətlə enerji daşıyıcılarının qiymətini aşağı həddə müəyyən edirlər,  güzəştlər təklif edirlər, amma Azərbaycanda bunu anlamırlar? Anlamırlarsa,  mətbuatda  çıxış edirik, oxusunlar,  çıxış yolu axtarıb tapsınlar. Yəni, əhali də  bütün bunları yaxşı bildiyindən deputatların bilmədikləri sahəylə bağlı etdikləri çıxışlara sərt təpki verirlər. Təpki, məhz, buna görədir. Yeni ildən qiymət artımlarının zərbələrini bu xalq hiss edəndə isə təpkilər lap dəhşətli olacaq”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info