Deputatlar Tahir Kərimlidən danışdı: “Onu harada görsəm...”

  • By admin
  • 12 Avqust 2021 11:06

“Əvvəllər də bəzi həmkarlarım çıxışlarıma görə mənə soyuq münasibət bəsləyirdilər, qaçırdılar. Amma o zaman bu, mənə pis təsir etməmişdi. Milli Məclisin növbədənkənar plenar iclasında Eldəniz Səlimovla bağlı etdiyim çıxışa görə həmkarlarım liftdə mənimlə birlikdə qalxmağa qorxurlar”.

Gununsesi.info xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli mediaya açıqlamasında deyib.

O  bildirib ki, həmkarlarından biri  – ən yaxın dostu onu övladının toyuna dəvət etməyib.

T.Kərimli hesab edir ki, bütün bunlar həbs edilən deputat Eldəniz Səlimovla bağlı çıxışı ilə əlaqədardır.

Deputat Fəzail Ağamalı məsələ ilə bağlı bildirib ki, Tahir Kərimlinin çıxışının şəxsi münasibətə aidiyyəti yoxdur:

“Tahir Kərimlinin açıqlamasının mənim ona olan həmkarlıq münasibətimə hər hansı bir təsiri yoxdur. Tahir Kərimlini harada görsəm, hər zamanki kimi salamlaşıb və görüşəcəyəm. Hər bir deputatın fərqli fikirləri ola bilər. Onun hansısa çıxışının şəxsi münasibətlərə nə aidiyyəti var?”.

Deputat Fazil Mustafa isə hesab edir ki, koronavirusa görə hamı bir-birindən uzaq gəzir, bunun Tahir Kərimli çıxışı ilə heç bir əlaqəsi yoxdur.

“Hər kəs bir-birindən uzaq gəzir, nəinki Tahir Kərimli ilə. Çünki karantin qaydalarına uyğun olaraq məsafəli davranmaq lazımdır. Tahir Kərimlinin açıqlamasına gəldikdə isə, o məsələyə biraz fərqli tərəfdən yanaşdı. Kimsə onunla dediyi hansısa açıqlamaya görə niyə məsafə saxlasın?

Mən hətta iki deputat həmkarım liftdə olduqda bele içəri daxil olmuram. Gözəgörünməz xəstəlikdən qorunmaq üçün karantin qaydalarına əməl etmək lazımdır”.

Gununsesi.info