Dekabr ayının ilk 13 gününü geridə qoymuşuq. Artıq Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün gəlişinə sayılı günlər qalıb. İnsanlar bu günləri xüsusi və yaddaqalan etmək üçün bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimisi isə Yeni ili qeyd etmək üçün xaricə üz tutur. Bir sözlə, hamının bayram ilə bağlı müxtəlif planları var.
Deputatlarımız da Gununsesi.info-ya Yeni illə bağlı planlarını açıqlayıblar.
Millət vəkili Tahir Rzayev bayram günü Ağcabədidə olacağını deyib: “Yeni il bayramını seçicilərimlə, ailəm və qohumlarım ilə birgə keçirəcəm. Heç bir zaman Yeni il bayramını xaricdə keçirməmişəm. Əvvələr, yəni, sovetlər birliyin dönəmində Yeni ili qeyd etmək üçün xaricə səfər etmişəm”.
Millət vəkili Elmira Axundova Yeni il bayramını harada qeyd edəcəyilə bağlı hələlik konkret bir qərara gəlmədiyini deyir: “Ola bilər ki, Yeni ili qeyd etmək üçün nəvələrimi və gəlinimi götürüb Moskva gedim. Yeni ili məhz Moskvada qarşılayım. Çünki Moskvada Yeni ili bayramı yaxşı keçirilir. Bu ərəfədə Moskvada yarmarkalar, eyni zamanda, teatırlarda uşaqların Yeni il şənliyi üçün maraqlı repertuar təqdim olunur”.
Millət vəkili Zahid Oruc qarşıdan gələn 2017-ci il xalqımız və dövlətimiz üçün uğurlu olmasını arzu edir: “Millət vəkili seçildiyim gündən Yeni il bayramını ölkə xaricində qeyd etməmişəm. Digərlərindən fərqli olaraq Yeni il bayramını Alp dağlarının ətəyində deyil, burada ailəmlə, doğmalarımla birgə keçirməyi üstün tuturam. Bu il də ənənəyə sadiq qalacam”.
Anar
Gununsesi.info