Deputatların mandatdan məhrum edilməsinin detalları bəlli oldu

Deputatların mandatdan məhrum edilməsinin detalları bəlli oldu

Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərdə etik davranış qaydasını kobud pozmasına və səsvermə hüququnu başqasına verməsinə görə deputatın mandatının ləğv olunması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsini şərh edib.

Gununsesi.info xəbər verir ki, Ə.Hüseynli bildirib ki, artıq Konstitusiyanın müvafiq 89-cu maddəsində MSK-nın bu kimi funksiyası var.

“Məsələn 89-cu maddənin 4-cü bəndində deputat fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verildikdə mandatdan məhrum etmə funksiyası MSK-ya aiddir. Ona görə də müvafiq olaraq maddənin 6-ci və 7-ci maddələrindəki hallarda da – deputatın etik davranış qaydalarını kobud şəkildə pozması və səsvermə hüququnu başqasına verməsi hallarında da MSK-nın mandatdan məhrum etmə funksiyası olacaq”.

Komitə sədri onu da bildirib ki, deputatın mandatdan məhrum edilməsi barədə qərar qəbul olunubsa, ancaq qərar qüvvəyə minməyibsə, həmin dairədə seçki elan oluna bilməz.

Qeyd edək ki, layihəyə əsasən Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr təklif edilir. Maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Konstitusiyanın 89-cu maddəsinin 6-cı və 7-ci bəndi müvafiq olaraq aşağıdakı kimidir:

6-cı bənd: deputat Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) pozduqda;

7-ci bənd: deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Məcəlləyə dəyişikliklə bağlı plenar müzakirələr davam edir.

Gununsesi.info

COMMENTS