Deputatların mandatı təhlükədə - MƏSULİYYƏTSİZLƏR GEDƏCƏK

  • By admin
  • 22 İyul 2016 10:13

Milli Majlis

Yeni referendum aktına görə, deputatlar etik qaydaları pozduqları üçün mandatdan məhrum edilə bilər 

  

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum layihəsində deputatların mandatının ləğv edilməsi halları ilə bağlı da dəyişikliklər yer alır. Əgər bu təkliflər referendumla qəbul edilsə, Konstitusiyanın 89 maddəsində deputatlıqdan məhrumetmə hallarına ikisi də əlavə oluna bilər.

Belə ki, hazırkı qanunvericiliyə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

5) özü imtina etdikdə.

Referendum aktında isə qeyd edilir ki, 89-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonuna aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda; (yəni səsvermə hüququnu şəxsən həyata keçirmədikdə )

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Milli Məclisin deputatları isə referendum aktının bu maddəsini birmənalı qiymətləndirməyiblər.

cingiz1

Gununsesi.info bildirir ki, Deputat Çingiz Qənizadə  bu konstitusiya dəyişikliyindən sonra səhlənkar və laqeyd deputatların vəzifələrinə xitam veriləcəyini deyib: “Yeni dəyişiklik daha çox işə can yandırmaq, iclaslarda və qərarların qəbul edilməsində aktiv iştirak etmə kimi məsələni tənzimləyəcək. Bizim bəzi deputatlar iclas və səsverməyə laqeyd yanaşırlar. Artıq bundan sonra onlar daha məsuliyyətli olacaqlar. 40 min seçici səni seçibsə, sənin də borcun səsvermədə, iclaslarda, qanunların qəbulunda iştirak etmək, öz masanın arxasındakı düyməni basmaqdır. Amma bu hüququ başqasına tapşırıb iclasda olmursansa, demək, bu ciddi məsuliyyətsizlikdir”.

fazil-mustafa

Milli Məclisin üzvü Fazil Mustafa isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  etik qaydaların pozulması ifadəsini konkretləşdirməyə ehtiyac var: “Milli Məclisə vaxtı-vaxtında gəlməyən, müəyyən qədər intizamsız olan deputatlarla bağlı müəyyən tədbirlərin görülməsi vacibdir. Ancaq burada etik qaydaların pozulması məsələsi spekulyasiyaya yol açan məsələdir. Kim müəyyən edəcək ki, deputat etik qaydanı pozur? Deputat əgər bir seçicinin hüququnu qorumaq üçün parlamentdə çıxış edirsə, yaxud kiminləsə mübahisə aparırsa, problemin həll olunmasına çalışırsa, buna dərhal etik qaydanın pozulması adını qoymaq, deputatı mandatdan  məhrum etmək yolverilməz bir haldır. Dünyada belə bir praktika yoxdur. Deputat dövlət məmuru deyil ki, məmura qoyulan etik davranış qaydaları haqqında tələbləri deputata da qoyasan. Bu qanun deputatın danışmaması deməkdir. Yəni artıq bundan sonra heç kim hansısa fikir ifadə etməyəcək. Çünki istənilən fikri çoxluğun rəyi ilə etik qaydanın pozulması kimi elan edə bilərlər ki, niyə mübahisə etmisən. Burada konkret yazmaq lazımdır ki, əgər deputat parlament iclasında açıq söyüş söyürsə, etik baxımdan qəbul olunmayan fiziki hərəkətlərə yol verirsə, bunu İntizam Komissiyası vasitəsilə həll etmək olar. Ancaq deputatın mübahisə etməsini, ittihamlara, tənqidlərə cavab verməsini etik qaydanı pozmaq kimi qələmə verib mandatını ləğv etmək qəbuledilməzdir”.

Fazil Mustafa onu da qeyd etdi ki, deputatların onsuz da məhdud olan hüquqlarını bir qədər də azaltmaq doğru deyil: “Referendum layihəsində gələcəyimizlə bağlı müəyyən məsələlər var, dövlətin təhlükəsizliyi ilə bağlı, xaricdə baş verən hadisələrin Azərbaycan gətirilməməsi üçün atılan bir sıra zəruri addımlar var. Bunlar normal qarşılanmalıdır. Ancaq deputatla bağlı tələbi qəbul etmək mümkün deyil. Onsuz da deputatın hüququ azdır. Deputat faktiki olaraq qanunvericilik təşəbbüsü ilə çıxış edə bilmir, bu qadağan olunub. Qadağan olunmasının səbəbi odur ki, normativ hüquqi aktlar qəbul edilərkən, hansısa deputatın layihə irəli sürməsi üçün mütləq ekspert rəyi lazımdır. Ekspert rəyini almaq üçün isə 10-20 min manat lazımdır, həmin layihənin qəbul olunub-olunmayacağı isə bəlli deyil. Demək istədiyim odur ki, deputatın onsuz da hüququ yoxdur. Etik qaydaları pozmağa görə mandatdan məhrum edilməsi isə ümumiyyətlə doğru yanaşma deyil. Bunları da konkretləşdirmək lazımdır ki, deputat parlament iclasında kiməsə fiziki zorakılıq tətbiq edirsə, bu mandatdan məhrum edilə bilər. Etik qayda anlayışı çox genişdir və onun yorumu mənfi tendensiya yarada bilər. Ona görə də, açığı, mən bu məsələdə fərqli mövqedəyəm və bunun qəbul edilməsini o qədər də faydalı hesab etmirəm”.

vahid

Milli Məclisin deputatı Vahid Əhmədov da mandatın ləğv olunması məsələsinə həssas yanaşmağın doğru olduğunu bildirdi: “Ümumiyyətlə, bir neçə ildir ki, bəzi millət vəkilləri Milli Məclisin iclaslarında iştirak etmirlər, səsvermə zamanı müəyyən qədər problem yaradırlar. Bütün bunlar hamısı nəzərə alınır. Millət vəkilinin iş yeri Milli Məclisdir. Ona görə də işində intizamlı olmalıdır. Vaxtında işə gəlməlidir, kimsə digərinin yerinə səs verməməlidir.  Bunlar dünyada qəbul olunmuş məsələdir. Ancaq deputatın üzürlü səbəbləri də ola bilər, məzuniyyətdə də ola bilər. Lakin mən bu məsələyə görə mandatın ləğv olunmasına müsbət baxmıram. Ola bilər ki, deputatın başına hansısa hadisə gəlsin və o iki gün iclasda iştirak edə bilməsin, xəbər vermək imkanı da olmasın. Bu hər kəsin başına gələ bilər. Bunun üçün mandatın ləğv olunması düzgün deyil. Gözləyirik ki, Konstitusiya Məhkəməsi buna rəy versin, görək nə rəy verəcək. Ondan  sonra müəyyən məsələləri müzakirə edəcəyik”.