Devrilərək ölkəsindən qaçan liderlər: - Onları tanıyın

Tarix boyu bir çox lider xalqın ayağa qalxması və digər bir sıra səbəblərə görə devrilərək öz ölkəsindən qaçıb.

Gununsesi.info xəbər verir ki, bu cür sonuncu hadisə Suriya lideri Bəşər Əsədlə təkrarlandı.

Bəs siyahıda başqa kimlər var?

Belə ki, ölkəsindən qaçan liderlərdən biri də Zeynel Abidin Bin Alidir. Tunisli siyasətçi olan Zeynel,  1987-2011-ci illərdə Tunisin prezidenti olub.

Tunisdə Məhəmməd Buazizi adlı gəncin özünü yandırması ilə başlayan etiraz aksiyası bütün ölkəyə yayılmışdı. Bu, sonradan “Ərəb baharı” adlandırılan hərəkatın başlanğıcı olacaqdı. Tunisli lider 2010-cu ilin dekabrından 2011-ci ilin yanvarına qədər davam edən üsyanların yaratdığı siyasi qeyri-sabitlik nəticəsində tutduğu vəzifədən istefa verib və 2011-ci il yanvarın 14-də ölkəni tərk edib. Onun qohumlarından bəziləri həbs edilib.

Digər bu cür bir lider isə İdi Amindir.

İdi Aminin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazılıb.

1971-ci il 25 yanvar tarixində Uqanda prezidenti Milton Obote Sinqapurda səfərdə olarkən, İdi Amin hərbi çevriliş edərək hakimiyyəti ələ alıb özünü ölkənin yeni prezidenti elan etdi.

Onun hakimiyyəti dövründə yürütdüyü sərt rejim artıq xalqın narazıçılığına səbəb olmuşdu. 1978-ci ilin oktyabrında Tanzaniya tərəfindən dəstəklənən “Uqanda Milli Azadlıq Ordusu” yaradıldı. Üsyançı dəstənin əsas məqsədi Aminin istefaya getməsi idi. 13 aprel, 1979-cu ildə üsyançılar artıq paytaxt şəhər olan Kampalaya yaxınlaşmışdı. Artıq dövlət başçısı ölkədən qaçmış və 2 həyat yoldaşı, 22 uşağı ilə birlikdə Səudiyyə Ərəbistanına yerləşmişdi. İdi Amin, 16 avqust, 2003-cü il tarixində sürgündə olarkən Ciddədə vəfat etmişdir.

Misir lideri olan Kral Faruk da devrilən liderlər siyahısındadır.

O, 16 yaşında atası I Fuadın ölümündən sonra taxta çıxdı. O , İkinci Dünya Müharibəsi zamanı Misirdəki İngilis hərbi mövcudluğuna qarşı neytral qalmağa çalışmışdı Müharibədən sonra qurulan 1948-ci ildə İsrailə qarşı başlayan Ərəb-İsrail müharibəsində ağır məğlubiyyət və ingilis işğalının aradan qaldırılmaması millətçiliyin güclənməsinə səbəb oldu.

Bu uğursuzluqları Kral Farukun yoxsul və qeyri-kafi idarəçiliyi ilə əlaqələndirən Camal Abdel Nasirin başçılıq etdiyi Azad Zabitlər Hərəkatı 23 iyul 1952-ci ildə Misir inqilabını həyata keçirərək taxtdan əl çəkməyə məcbur etdi.

Perudan Yaponiyaya sığınan Alberto Fuximori 1938-ci ildə Limada yapon mühacirləri Naoiti Fujimori və Mutsue İnomotonun oğlu olaraq anadan olub.

1956-cı ildə orta məktəbi bitirmişdir. 1961-ci ildə Kənd Təsərrüfatı fakültəsini bitirərək kənd təsərrüfatı mühəndisi diplomu aldıqdan sonra 1964-cü ildə Fransanın Strasburq Universitetində fizika, 1969-cu ildə Viskonsin Universitetində riyaziyyat üzrə magistratura pilləsini bitirib. 1974-cü ildə o, yapon əsilli Perulu olan Susana Higuchi ilə evləndi. Uğurlu akademik karyerası sayəsində 1984-cü ildə Peru Milli Kənd Təsərrüfatı Universitetinin rektoru təyin edilib. 1988-ci ildə müxtəlif televiziya proqramlarında çıxış etməyə başladı. 1990-cı ildə Peruda keçirilən prezident seçkilərində o, məşhur yazıçı Mario Varqas Llosa ilə yarışdı və heç kim ona şans verməsə də, prezident seçildi.

Alberto insan haqlarının pozulmasında günahlandırılaraq devrilib. Yapon əsilli Peru məmuru Yaponiyaya sığındı.

Qırğızıstanda 2005-ci ildə Milli Məclisə seçkilər zamanı 15 ildir ki, ölkəni idarə edən Əskər Akayev də bu siyahıya adını yazdıra bilib.

Belə ki, onun oğlunun və qızın həmin seçkilərdə Millət vəkili seçilməsi, Milli Məclisə seçilməyən müxalifətin qəzəbinə tuş gəlmişdi.

Nəhayət, o, ailəsi ilə birlikdə ölkəni tərk edərək Moskvaya sığınıb.

Siyahı bunlarla da bitmir.

Ölkəsindən qaçaraq başqa ölkəyə sığınan digər liderlər sırasında Əfqanıstan lideri Məhəmməd Zahir Şah və İran şahı Məhəmməd Rıza Şah Pəhləvi də yer almağı bacarıb.

 

 

Orxan Saffari

Gununsesi.info