“Deyirdilər ki, qardaş, batacaqsınız…” - Müşfiq Şahverdiyev onu da deyir ki, hələlik "quyruğu"nu basan olmayıb

  • By admin
  • 14 Mart 2017 11:34

musfiq

Tanınmış gənc aktyor Müşfiq Şahverdiyev Gununsesi.info-ya müsahibə verib, keçdiyi sənət yolundan, gələcək planlarından bəhs edib.

Gununsesi.info adıçəkilən aktyorla olan müsahibəni təqdim edir: 

 “İncəsənətə meyllilik rəhmətlik atamdan gəlib…”

–  Necə bir ailədən gəlirsiniz: atanız, ananız kimlərdir? 

Atam çoxdan rəhmətə gedib. Haradasa 20 ildən çoxdur. O, rəssam idi. Hətta, deyərdim ki, incəsənətə meyllilik də ondan gəlib mənə. Anam isə evdar qadındır. Hər hansısa xüsusi bir sənətlə məşğul olmayıb.

“İçimdə bir qorxu var idi ki…”

–  Demək olar ki, Azərbaycanda yenidən film sektorunu canlandıran insanlardan biri də siz oldunuz. Çəkdiyiniz “My name is İntiqam” çox bəyənildi, sevildi. O zaman bu addımı atarkən çəkimədiniz ki? Çünki elə bir vaxt idi ki, qoyduğunuz mayanı götürməyə də bilərdiniz… 

Sektorda ilk başlayanlardan biriyik. “My name is İntiqam” filmi 2014-cu il noyabr 28-də təqdim edildi. Düzdür, onda bir neçə kinoteatr, misal üçün “Gənclik”, “Azərbaycan” kinoteatrları hələ fəaliyyət göstərmirdi, ancaq filmimiz böyük ajiotaja səbəb oldu. Bizim bu filmimizdən sonra bir çox filmlər çəkildi. Təbi ki, içimdə bir qorxu var idi. Amma mən bu həvəsə düşdüm. “Recəp İvedik 4” filmindən sonra 2014-cü il 20 mayda o film gəldi Bakıya və həmin film gələndə “Nizami” kinoteatrının qarşısında böyük bir izdiham var idi.

Mən də təsadüfən oradan keçirdim və o izdihamı gördüm. Səhərsi mən özüm də gəldim. O, kinoteatra bir neçə dostumla filmi izləməyə. Amma filmə bilet tapa bilmirdik. Güc-bəla ilə kənarlardan bir yer tapa bildik. Oturub filmi seyir etdikdən sonra oturub düşündüm ki, axı, biz də bunu bacarırıq, biz də belə bir film çəkə bilərik… Niyə də biz öz Azərbaycan komediyamızı çəkməyək?

Elə oldu ki, yığışdıq, ssenarini hazırladıq. Amma pul tapa bilmirdik. Çünki heç kim inanmırdı. Deyirdilər ki, qardaş, batacaqsınız. Heç kim inanmırdı. Amma inanan dostlarımız oldu, Moskvadan bizə yardımçı oldular. Sonra da ilk şirkət olan “AFF park” bizə dəstək oldu. Beləliklə də, biz filmimizi çəkdik və böyük bir partlayış etdik. Təbii ki, film çəkilib vizyona girənə qədər mən böyük həyacanlar keçirmişəm ki, nə olacaq, nə olmayacaq… Risk olduğunu bilirdim. Amma mən bu riskə getdim.

“Açıq-saçıq zarafatların həddən artıq çox olması bizim filmin baxış sayını azaltdı…”

–  “My name is İntiqam Moldovanın” filminin 1-ə görə daha zəif olduğunu düşünürlər. Bu fikirlə razısınızmı?

“My name is İntiqam Moldova” deməzdim ki, zəifdir. Sadəcə, müəyyən problemləri oldu. Əslində büdcə tərəfdən də, keyfiyyət tərəfdən də birinci filmdən yaxşı idi. Orada açıq-saçıq zarafatların həddən artıq çox olması bizim filmin baxış sayını azaltdı. Çünki yenə deyirəm, açıq-saçıq zarafatlar var idi. Buna görə də qadınlar çox şikayətlər edirdi. Bu da bizə bir dərs oldu ki, biz başqa xarici filmlər ilə öz filmlərimi müqayisə etməməliyik.

Biz fikirləşirdik ki, xarici filmlərə baxırlar, heç nə demirlər. Bizə də heç nə deməzlər. Amma Azərbaycan filmində bu tip zarafatları qəbul etmirlər. İndi isə 3-cü filmimiz “Gizlənpaçda” belə şeylərə riayət etmişdik. Qətiyyən də açıq-saçıq zaraftlar etmədik. Artıq tamaşaçının nə istədiyini anlamışıq. Bundan sonrada inşallah, tamaşaçının istədiyini verəcəyik onlara. Amma onu da qeyd edim ki, “My name is İntiqam Moldova” filmi də zəif film deyildi.

“Artıq seriallara çəkilmək açığı maraqlı deyil”

– “Qayana” serialına çəkilirdiniz, amma o da müəyyən problemlərə görə, yayımdan qaldırldı. İndi isə heç bir serialda yoxsunuz. Əminəm ki, təkliflər var, bəs siz niyə çəkilmirsiniz? 

“Qayana”  serialı çox maraqlı serial idi. Onun da müəyyən problemləri çıxdı və serial bağlandı. Açığı nə problemlər idi, o, qədər də bilmirəm. Amma bilirəm ki, nəsə baş verdi, serialın yayımı dayandı.  Ancaq seriallara təklif var. Amma film işi ilə məşğul olduğum üçün bütün bir ili filmə ayırırıq. Seriallara çəkilmək açığı maraqlı deyil mənim üçün. Serialdan o həzzi ala bilmirəm.

Həm də ki, serialda aktyor kimi çəkiləndə, maliyyə də o qədər qaneedici olmur. Ona görə də sırf özümü filmə həsr etmişəm. Düzdür, çətinlikləri olur. Bir filmdən gələn gəliri gözləmək filan. Amma yenə də çətinliklərinə baxmayaraq, birtəhər yola vermək olur. Amma film təklifi gələrsə, normal qonararla onu dəyərləndirərəm. Amma serial, veriliş bunlar mənim üçün arxa planda olan şeylərdir. Ona görə də buna o qədər də vaxt ayırmıram.

“Neçə illər idi ki, Bakıda kirayədə yaşayırdım…”

–  Bəs əlavə bir işlə də məşğulsunuz? 

Təbi ki, hər kəs çalışır ki, gördüyü işdən bir biznes qursun. Mən hələ qura bilməmişəm. Amma bu istəyim , planlarım var. Mən neçə vaxt idi ki, qazandığım pul ilə çalışırdım özümə şərait qurmağa – ev, eşik kimi. Allaha qurban olum, bunu mənə qismət etdi. Mən özüm istəyən bir yerdə, şəhərin yaxşı bir yerində əziyyət çəkdiyim, yığdığım pullar ilə nəhayət, bir ev aldım. Bir neçə vaxt idi, haradasa bir ilə yaxındır ki, işləyə-işləyə xırda-xırda evin təmirini də bitirdim və öz evimə köçdüm. 4-5 gün bundan qabaq. Mən neçə illər idi ki, Bakıda kirayədə yaşayırdım. Amma Allaha şükür ki, əziyyət çəkib özümə şərait qurdum. Allah qoysa, bundan sonra da özümə bir biznes quracağam. Hətta, nə biznes quracam, onu da bilirəm. İnşallah, bu yaxınlarda həyata keçirəcəyəm.

musfiq-1

 “Bizdə hələ ki, komediya daha yaxşı “işləyir”

– Həmkarınız,  konkret olaraq Fərda Xudaverdiyev özünü dram sahəsində də sınadı. Bəs sizin belə bir fikriniz var?

– Bilirsiniz, dram səhnəsində deyəndə… mən özüm Mədəniyyət və İncəsənət Universitetinin dram aktyorluğu fakültəsində oxumuşam. Dramatik rolları da bacarıram. Özü də yüksək səviyyədə. Çünki orada səhnəciklər oynamışam. İmtahanlarda hansısa əsərlərdən bir parça oynayırdıq. Yəni, bacarıram. Amma bu gün deyim ki, drama həvəsindəyəm, drama çəkək, yox, çünki hazırda komediyaya rəğbət daha çoxdur. Maşallah, türklərin o qədər draması var ki, camaat televiziyada baxır, doyur. Bizdə hələ ki, komediya daha yaxşı işləyir. Bəlkə də iki-üç ildən sonra ehtiyac olarsa, oynamaq olar.

 “Çox çılğın bir insanam, dəlisovam”

–  Çox qalmaqalı bir sahədə çalışmağınıza baxmayaraq, adınız qalmalarda hallanmır. Bu, sizin sakit təbiətli olmağınızla əlaqəlidir?

– Çox maraqlı sualdır. Əslində mən özüm çox çılğın bir insanam. Dəlisovam, hər şeyə tez reaksiya verirəm, tez əsəbiləşirəm. Amma hələ ki “quyruğumu” tapdalayan olmayıb. Onun üçün qalmaqlara girməmişəm. Mənim heç kimlə işim yoxdur. Amma kiminsə mənimlə işi olanda, onun cavabını pis verirəm. Mən heç kəsə dəymirəm, heç kəs də mənə dəymir. Belə sakitçə dolanırıq. Amma kimsə mənə qarşı haqsızlıq etsə, onun cavabını necə lazımdır, verərəm.

“Krizisə görə, sponsor tapıb gətirmək müşkil məsələdir”

– Bir çox həmkarlarınız film çəkilişləri zamanı sponsorların həddən artıq müdaxiləsindən şikayətlənir. Sizdə vəziyyət necədir? 

– Mən çəkdiyim filmlərdə sponsorlar heç bir şeyə qarışmayıblar. Bizdə heç bir şeyə müdaxilə etməyiblər. Sponsoru lazımınca reklam etmişik, heç bir problem də yaşamamışıq. Bu gün sponsor tapmaq həqiqətən çox çətindir. Ona görə də sponsorla gərək dil tapasan. Krizisə görə, sponsor tapıb gətirmək müşkil məsələdir. Sponsoru da gərək həddindən artıq vulqar şəkildə də reklam etməyəsən, elə olanda tamaşaçı tərəfindən etiraza səbəb olur.

 “5 il sonra, ümumiyyətlə, bu işlə məşğul olmaq istəmirəm”

– Son olaraq, 5 il sonra özünüzü harada görürsünüz? 

Belə deyim də-3-5 ilin içində bu sahədə çoxlu hadisələr baş verəcək. Balaca bazar olsa da, bu sahədə çalışmaq istəyənlər çoxdur. Kinoteatrların sayı çoxalır. Düzdür, bugünkü gündə film çəkənlərin yola getməsi bir qıracağa, kinoteatrların özləri də bir-biri ilə yola getmirlər. O, problem də var. İnanıram ki, 5 il sonra bu sahə inkişaf etdikcə, bir çox problem həll olunacaq. Çoxlu dəyişikliklər olacaq. Yeni simalar çıxacaq ortaya.

İnanıram ki, daha yaxşılığa doğru gedəcək. Özümə gəlincə isə, 5 il sonra, ümumiyyətlə, bu işlə məşğul olmaq istəmirəm. Özümə hər hansı bir biznesi qurmaq istəyirəm.  Allah nə ömür veribsə, o ömrü yaşayıb, dolanmaq istəyirəm. Yəni, son 3-5 ildə bu sahə ilə vidalaşmaq istərdim. 5 ildən sonra istəmərəm yenə də bu işin davamını etmək. Çünki çox yorucu, əsəbverici bir işdir. Çəkilişlər səhərə yaxın bitir. Mən neçə dəfələrlə gedib özümü müalicə etdirmişəm. Nevroloji problemlərim var. Yatmaq-yuxusuzluq, yeməyi vaxtında yeyə bilmirsən, ailəyə vaxt ayıra bilmirsən. Çox çətin bir sahədir. Amma neynəyim ki, sevirəm bu işi. Ancaq sevginin də bir həddi var, ona görə özüm üçün fikirləşmişəm ki, 5 il sonra bu sahə ilə məşğul olmayım.

Dilarə Zamanova

Gununsesi.info