“Dezinformasiya regionda gərginlik riskini artırır”

“Süni intellekt vasitəsilə hazırlanmış dezinformasiya materiallarının yayılması sülh prosesinə mənfi təsir göstərə bilər. Bu, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdid yaradır”.

Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“Belə materiallar Ermənistanda yenidən revanşist qüvvələrin hakimiyyətə gəlmək üçün istifadə etdiyi vasitəyə çevrilir. Bu isə artıq təsirini itirmiş bir mövzunun yenidən gündəmə gətirilməsi, Qarabağ məsələsi üzərindən Azərbaycana qarşı müharibə ritorikasının canlandırılması kimi qiymətləndirilir.

Süni intellekt vasitəsilə hazırlanmış videolar revanşist qüvvələrin əlində təhlükəli və ciddi vasitə kimi istifadə oluna bilər. Bu həm Ermənistanda seçki kampaniyasının gedişatının riskli istiqamətə yönəldiyini göstərir, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ciddi təhlükə yaradır.

Hazırda Cənubi Qafqazda sülh prosesi və sülh gündəliyi mövcuddur. Azərbaycan bu gündəliyin irəli sürülməsində təşəbbüs göstərən tərəflərdən biridir və onu regionda sülh platforması kimi təqdim edir.

Azərbaycan Ermənistan–Azərbaycan sülh müqaviləsi layihəsinin müəlliflərindən biridir. Belə bir dövrdə bu kimi hallar təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, ümumilikdə Cənubi Qafqazda yerləşən ölkələrin təhlükəsizliyinə qarşı yönəlmiş təxribat kimi qiymətləndirilir və sülh prosesinə zərər vurur”. 

Şəbnəm

Gununsesi.info