DGK-da “Sərhəddə ticarət” indikatoru üzrə işçi qrupunun görüşü keçirildi

  • By admin
  • 01 Oktyabr 2019 15:25

Dövlət Gömrük Komitəsində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət” indikatoru üzrə işçi qrupunun növbəti görüşü keçirilib.

DGK-dan Gununsesi.org-a daxil olan məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, Vergilər, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentlikləri, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, “Ekvita”, “BM Morrison Partners” və “Ernst & Young Azerbaijan” şirkətlərinin nümayəndələri iştirak edib. Görüşdə sərhəddə ticarət indikatoru üzrə görülən işlər və gələcəkdə atılacaq addımlarla bağlı müzakirələr aparılıb, həmçinin “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin nəticələri, gömrük təmsilçiliyi, elektron bəyanetmə, biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planında nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet hədəflər çərçivəsində son illərdə gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində mütəmadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Komitə sədrinin birinci müavini qısa idxal bəyannamələrinin, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını və bu günədək 470 xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququ verildiyini qeyd edib.

Gununsesi.org