DGK müstəntiqinin şok əməlləri -TƏFƏRRÜAT

  • By admin
  • 09 Yanvar 2023 14:47

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi Nicat Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, Gürcüstan vətəndaşı Jaba Jibgaşvili Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə cəhddə suçlanaraq həbs edilib. Ona Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə ittiham verilib.

Cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində aparılıb. Gürcüstan vətəndaşının üstündən tapılan 53 min dolların depozit hesabına qoyulmasına qərar verilib. Nicat Qasımov depozitə qoyulmalı olan həmin vəsaiti mənimsəyib, öz ehtiyaclarına xərcləyib.

Bu məsələnin üstü açılanda Nicat Qasımov vəzifəsindən azad edilib və barəsində cinayət işi başlanılıb.

Sabiq müstəntiqin işində həm Dövlət Gömrük Komitəsi, həm də Jibgaşvili zərərçəkmiş qismində tanınıb. Çünki pul Jibgaşvilinin olub, lakin Dövlət Gömrük Komitəsində depozit hesaba qoyulmasına qərar verilib.

Qeyd edək ki, Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.

“Xidmətimə xitam verilib”

İstintaq orqanı tərəfindən Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat Qasımov ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2009-2019-cu illərdə müxtəlif vəzifələrdə işləyib: “2019-cu ilin fevral ayından isə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin olunmuşam. İşimdə yol verdiyim nöqsana görə 2022-ci ildə gömrük orqanlarında xidmətimə xitam verilib”.

“53.000 ABŞ dollarını təhvil aldım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 8 sentyabr 2020-ci ildə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” beynəlxalq gömrük postunda Bakı-Dubay aviareysi ilə Azərbaycan Respublikasından gedən Gürcüstan vətəndaşı Jaba Jibgaşhivilininəl çantasından bəyan etmədiyi 53.000 ABŞ dolları məbləğində pulun aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material sentyabrın 14-də Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib:

“Həmin tarixdə material üzrə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün mənim icraatıma verildi. Cinayət işi tərəfimdən öyrənilərkən maddi sübut olan 53.000 ABŞ dolları məbləğində pulun saxlanılması üçün protokolla Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinə təhvil verildiyinin şahidi oldum.

Maddi sübut olan həmin pulla bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi məqsədilə sentyabrın 14-də tərtib edilmiş protokolla Komitənin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinin rəisindən 53.000 ABŞ dollarını təhvil aldım.

Ekspertiza təyin edilməsi barədə qərarla həmin pul əsginaslarını oktyabrın 29-da Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etdim”.

“50 min manatdan çox borcum vardı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 24-də Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini və 53.000 ABŞ dolları ekspertizadan götürüb: “Lakin pulu şöbəyə təhvil vermədim və uzun müddət yığılmış şəxsi borclarımın qaytarılmasına sərf etdim. Mənim 50 min manatdan çox borcum vardı. Borclu olduğum şəxslər pullarını məndən tələb etdiklərindən, həmçinin gələcəkdə məndən şikayət edəcəklərindən ehtiyatlanaraq maddi sübut olan 53.000 dolları şəxsi ehtiyaclarıma xərclədim.

Düşündüm ki, Jaba Jibgaşivilinin barəsində məhkəmə hökmü çıxarılanadək pulu geri qaytararam. Pulun bir hissəsini yaşadığım mənzilin kirayə haqqına və azyaşlı oğlum Mansurun aylıq 800-1000 manat arası müayinə xərclərinin ödənilməsinə sərf etdim”.

“Protokol tərtib edilmədi”

Nicat Qasımov qeyd edib ki, 53.000 dollardan cinayət predmeti olmayan 10.000 dolların guya qaytarılmasına dair protokolu zərərçəkmiş şəxsə imzalatdırmağa çalışsa da, istintaq proseslərində tərcüməçi iştirak etdiyindən bunu edə bilməyib:

“Həmin protokola zərərçəkmiş şəxsin əvəzindən özüm imza atmışam. Həmin məbləği mənimsədiyimdən cinayət işinin materiallarına əlavə etdiyim sənədləri formal tərtib eləməli oldum. 43.000 ABŞ dollarının guya “Maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə qərarla” təhvil verildiyi qeyd olunsa da, pul reallıqda olmadığından heç bir protokol tərtib etmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 53.000 ABŞ dollarının maddi sübutun tanınması və saxlanca təhvil verilməsi haqqında qərar qəbul edilib: “Qərarda zərərçəkmiş şəxsdən götürülmüş 53.000 ABŞ dolları məbləğində pulun 10.000 ABŞ dolları olan hissəsinin hüquqpozma predmeti olmadığından təqsirləndirilən şəxsin özünə qaytarılması, puldan qalıq qalmış 43.000 ABŞ dollarının isə maddi sübut kimi tanınması, məhkəmə hökmünün çıxarılmasınadək Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Mühasibat uçotu şöbəsində saxlanılmasını göstərdim.

Həmin müddətdə isə Jaba Jibgaşvili və onun işi üzrə tərcüməçisinə yaxın vaxtlarda 10.000 ABŞ dollarında pulu onlara qaytaracağımı dedim. Lakin maddi vəziyətiylə əlaqədar həmin pulu ona qaytara bilmədim”.

“Hökmdə pulun qaytarılması göstərildi”

Nicat Qasımov deyib ki, Jibgaşvili barəsində olan cinayət işi 19 dekabr 2020-ci ildə yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

“2021-ci ilin martın əvvəlində Jabgaşvili barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü çıxdı. Hökmə əsasən Jabgaşvili məhkəmə zalından həbs edildi və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.

Hökmdə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan 43.000 ABŞ dolları məbləğində pulun Jabgaşvilinin özü və ya onun tərəfindən etibar edilmiş şəxsə qaytarılması göstərildi. Lakin hökmdən apellyasiya şikayəti verildiyindən Bakı Apellyasiya məhkəməsində proseslər davam etdirildi”.

“Jabanın arvadının Gürcüstana getdiyini eşitdim”

Sabiq müstəntiq deyib ki, 2021-ci ilin iyun ayının əvvəlində Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb: “Bakı Apellyasiya Məhkəməsində proses davam edən dövrdə Jaba Jibgashivili tərəfindən verilmiş etibarnamə üzrə pulun özünə verilməsinə çalışan şəxslə Jaba Jibgashivilinin qeyri-rəsmi arvadı arasında mübahisələr yarandı.

Bu barədə məlumatı mənə tərcüməçi kimi iştirak edən şəxs bildirdi. Məhkəmə prosesində Jaba Jibgahvilinin hüquqlarını müdafiə etmək üçün ona Bəkir adlı vəkil tutmuşdu. Gələcəkdə pulun verilməsinə dair problemlərin yaşana biləcəyindən ehtiyat edərək pulun qaytarıldığını dedim.

Həmçinin Jabanın etibar etdiyi şəxslə arasında olan nikah şəhadətnaməsinin, Jabanın arvadına etibarnamə və razılıq ərizəsi verməsinin tələb olunduğunu və Apellyasiya Məhkəməsinin qərarının qüvvəyə minməsindən sonra pulun qaytarılacağını bildirdim.

2021-ci ilin iyul ayında tərəfimdən tələb olunan sənədlərin hazırlanması ilə əlaqədar Jabanın arvadının Gürcüstan Respublikasına getdiyini eşitdim”.

“Pulu özünün götürəcəyini bildirdi”

Nicat Qasımov qeyd edib ki, 2021-ci ilin sonlarına yaxın şöbə rəisi ona Jabanın cəza çəkdiyi müəssisədə pulu götürməsinə dair Hikmət adlı şəxsə etibarnamə verdiyini, onun da gəlib pulu götürmək istədiyini deyib:

“Pulu təhvil alan şəxsdən sənədləri qəbul etdim. 2022-ci ilin fevral ayının əvvəllərində Jabanın etibar etdiyi Hikmət adlı şəxs mənə zəng edərək sənədləri təqdim etmək istədiyini bildirdiyindən Baş İdarənin inzibati binasının qarşısında onunla görüşdüm.

Jabanın verdiyi etibarnaməni qəbul etdim, onunla əlaqə saxlayacağımı dedim. Vəkil Bəkir də mənə zəng edərək sənədlərlə maraqlandıqda, onunla əlaqə saxlayacağımı dedim. Bir neçə gün sonra iş üzrə tərcüməçi olan şəxs mənə zəng etdi, Jabanın arvadının əlaqə saxladığını, yaxın müddətdə Bakı şəhərinə gələcəyini dedi, pulun Hikmətə və ya digər şəxslərə qaytarılmamasını, onun özünün şəxsən gələrək pulu təhvil götürəcəyini bildirdi”.

“Tərcüməçiyə protokol göndərdim”

Nicat Qasımov deyib ki, sonradan şöbə rəisi ona zəng edib: “Jabanın arvadının artıq Bakı şəhərində olduğunu və pulu təhvil almaq istədiyini dedi.

Mən də Jabanın arvadına 43.000 ABŞ dollarını soruşan olsa, guya pulu aldığını deməsini, əks halda pulun başqa şəxslərə verilməsini təmin edəcəyimi dedim.

Tərcüməçiyə isə ondan soruşan olsa, 10.000 ABŞ dollarının idarədə onun iştirakı ilə Jabaya verildiyimi, 43.000 ABŞ dollarının isə apellyasiya məhkəməsində olan proseslərdən sonra Jabanın arvadına təhvil verildiyini söyləməsini xahiş etdim. Hətta ona guya pulun 12 avqust 2021-ci ildə qaytarılması barədə protokol göndərdim, həmin sənədi gürcü dilinə tərcümə etməyi xahiş elədim”.

“Parkda görüşdük”

Nicat Qasımov qeyd edib ki, pulu olmadığından, həmçinin Jabanın arvadının təkidlə pulu tələb etdiyini görəndə vaxt qazanmaq istəyib: “Bunun üçün Jabanın arvadı ilə görüşərək söhbət etmək qərarına gəldim. Tərcüməçi ilə birlikdə Jabanın arvadı ilə görüşmək üçün “Atatürk” parkına getdik. Orada bir kafedə oturduq. Görüş zamanı Jabanın arvadı pulun nə vaxt qaytarılacağını, necə müraciət etmək lazım olduğunu məndən soruşdu.

Mən nikah şəhadətnaməsinin surətini, Jabanın razılıq ərizəsi verməli olmasının zəruriliyini dedim. Jabanın arvadı ilə Novruz bayramından sonra pulu qaytarmağımla bağıl razılaşdıq”.

“Atam pulu təhvil verdi”

Sabiq müstəntiq bildirib ki, 2022-ci ilin martında artıq törətmiş olduğu əməllərlə bağlı komitədə yoxlama aparıldığı ona məlum olub:

“Ona görə tərcüməçiyə vatsap vasitəsilə mesaj yazaraq rəhbərliyə heç nə deməməsini, Jabanın arvadı ilə məsələni özümün həll edəcəyimi dedim, rəhbərliyə Jabanın arvadının özünün idarəyə gələrək pulu təhvil aldığını söyləməyi xahiş etdim. Tərcüməçi mənə cavab yazmadı.

Şöbə rəisi İlkin Bağırov məni yanına çağıraraq bu məsələ ilə bağlı soruşduqda, artıq məsələnin açıldığını gördüm.

İlkin müəllimə törətmiş olduğum qanunsuzluqla bağlı izahat verdim. Həmçinin, öz ərizəmlə işdən azad olunmağım barədə ərizə yazaraq sistemə yerləşdirdim. Lakin ziyanı ödəmək üçün pulum olmadı. Həmin gün pul axtarmağa çalışsam da, tapa bilmədim. Bu səbəbdən idarədə təkrar izahatım alındı. Sonra işdən çıxarılmağıma dair əmr mənə təqdim olundu.

Atama vəziyyəti tam olaraq danışdım. Atam hardansa 53.000 ABŞ dolları taparaq Komitənin Maliyyə və Təchizat İdarəsinin Mühasibat Uçotu şöbəsinə təhvil verdi”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Nicat Qasımov 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilib. Həmçinin onun 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin xaric olunmasını istəyib.

Prokurorun protesti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan eidlib.

Prokurorun protesti təmin olunmayıb.

Gununsesi.info