“Diaqnoz” Tibb Mərkəzinin həkimi Rəfael Həsənovun həyata keçirdiyi cərrahiyyə əməliyyatı nəticəsində ölüm hallarıyla bağlı şikayətlərlə əlaqədar Xətai rayon Prokurorluğunda cinayət işi başlanıb.
Gununsesi.info-nun məlumatına görə, şikayətçilərdən biri Bəhruz Əliyev həkim səhvi ucbatından anasını, digəri isə atasını itirdiyini deyir.
Hazırda Xətai rayon Prokurorluğunda istintaq Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə aparılır. 2 il 7 ay əvvəl atası vəfat edən Bəhruz Əliyev istintaqın gedişindən narazıdır. O, hesab edir ki, sonda təqsirkar cəzalanmayacaq: “Hazırda müstəntiq eksqumasiya, yəni meyitin qəbirdən çıxarılıb müayinə olunması barədə qərar qəbul edib. Biz isə bundan narazıyıq. Buna yazılı şəkildə etiraz eləmişik. Ona görə ki, üstündən 2 il yarımdan çox vaxt keçib, bu vaxta meyit çürüyüb. Ən əsası, müstəntiq özü bizə demişdi ki, çürümə olarsa, ekspert ölümün səbəbini müəyyənləşdirə bilməsə, cinayət işinə xitam veriləcək. Deməli, eksqumasiya qərarı cinayət işinə xitam vermək üçün formal xərakter daşıyırmış”.
Bəhruz Əliyevin atası, 1955-ci il təvəllüdlü Şahmurad Əliyev 2021-ci ilin fevralında öd yolundakı daşın götürülməsi üçün “Diaqnoz” Tibb Mərkəzində həkim Rəfael Həsənov tərəfindən əməliyyat olunub. O, əməliyyatdan 1 ay sonra vəfat edib.
Oğlu iddia edir ki, həkim əməliyyat zamanı Şahmurad Əliyevin 12 barmaq bağırsağını deşib: “Əməliyyatın videosunda həkim səhvi açıq-aşkar görünür. Ekspertiza rəyində də göstərilib ki, bağırsaqda defektin tapılmasına baxmayaraq, həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməyib. Hətta ölüm şəhadətnaməsində də ölümün səbəbi kimi, əməliyyat zamanı bağırsaqda yaranan iltihablanma göstərilib.
İltihablanmaya da bağırsağın əməliyyat zamanı deşilməsi səbəb olub”. Xətai rayon Prokurorluğu bir dəfə cinayət işi başlanmasını rədd edib. Baş Prokurorluğa şikayətdən sonra həmin rədd qərarı ləğv olunub. Xətai rayon Prokurorluğu yenidən araşdırmalara başlayıb və sonda yenə də cinayət tərkibi olmadığı nəticəsinə gələrək, rədd qərarı çıxarıb.
Bəhruz Əliyev müxtəlif dövlət orqanlarına şikayətlərini davam etdirdiyi ərəfədə anasının ölümündə eyni klinika və eyni həkimi ittiham edən yeni bir şikayətçi meydana çıxıb. O da prokurorluğa şikayət edib. Bundan sonra 2023-cü il avqustun 2-də Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 maddəsilə yenə araşdırmalar başlayıb. “Məni narahat edən odur ki, yenə də bu məsələni ört-basdır eləmək istəyirlər. Atamla bağlı bir neçə ekspertiza rəyi var. Əslində, təqsirkarı cəzalandırmaq istəyənlər üçün o video və ekspertiza rəyləri kifayət edir”, – Bəhruz Əliyev bildirib.
“Diaqnoz” Tibb Mərkəzi isə Bəhruz Əliyevin iddialarını qəbul etmir. Mərkəzin açıqlamasında bildirilir ki, xəstəyə vaxtında müdaxilə edilib və lazımi müalicələr olunub. Şahmurad Əliyevin ölümündə həkim Rəfael Həsənovun heç bir günahı yoxdur.
Ölüm haqqında tibbi şəhadətnamədə Şahmurad Əliyevin ölümünün səbəbi kimi, “12 barmaq bağırsağın perforasiyası nəticəsində baş vermiş yayılmış peritonit” göstərilib. Amma yaxınları tərəfindən qəti etiraz edildiyinə görə mərhumun meyiti müayinə edilməyib. Bu üzdən onun ölümünün əsl səbəbi barədə fikir söyləmək mümkün olmayıb.
Elmar Elnuroğlu
Gununsesi.info