
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyevə Litvanın Bədii Sənət Yaradıcısı statusu verilib. Bu barədə Litva Respublikasının Mədəniyyət naziri Şarunas Biruts LR “Bədii sənət yaradıcısı vəYaradıcı təşkilatların statusu haqqında Qanun”a uyğun olaraq 2016-cı ilin mayın 23-də müvafiq Sərəncam imzalayıb.
Diasporla İş Üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan ədəbi-mədəni əlaqələrinin tədqiqatı və bədii tərcümə sahəsində peşəkar fəaliyyətinə görə layiq görülüb.
O, 1983-2015-ci illərdə Litva xalq nağıllarını, Litva yazıçıları Vintsas Kreve, Yonas Bilyunas, Alfonsas Maldonis, Algirdas Potsyus, Alfonsas Bukontas, Arvidas Valyonis, A. Antanas Yoninas və Danielyus Muşinskasın əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1990-2015-ci illərdə litvalı publisistlər, siyasi şərhçilərin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi həqiqətlərinə aid Litva mediasında dərc edilmiş politoloji məqalələri, oçerk, pamflet, analitik icmal və digər siyasi-publisistik yazılarını Azərbaycan dilinə tərcümə edib.
2006-2011-ci illərdə Litva dövlət və hökumət rəsmilərinin Azərbaycana rəsmi səfərləri zamanı etdiyi çıxışları, müstəqil Litvanın ilk dövlət başçısı Vitautas Landsbergisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi mövzusunda yazdığı bir sıra siyasi-publisistik məqalələri Azərbaycan dilinə çevirib. M. Həmzəyev eyni zamanda Azərbaycan dilindən litva dilinə ədəbi və publisistik tərcümələr edir. 1982-2016-cı illərdə Azərbaycan ədəbiyyatından xalq nağıllarını Litva dilinə tərcümə edib.
“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX – XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla bərabər Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.
Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” və “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” dlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə birgə litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.
M. Həmzəyevin XIX – XX əsrlərdə Litva-Azərbaycan əlaqələri, o cümlədən 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri mövzusunda işlədiyi 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi, elmi-publisistik və ictimai-siyasi məqalələri 1980-2016-cı illərdə Litvada və Azərbaycanda işıq üzü görüb. M. Həmzəyev Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002).
Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və həmçinin AYB-nin “Ədəbiyyat qəzeti” redaksiya şurasının üzvüdür (2014). 2016-cı ildən Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi. Azərbaycan diaspor xadimidir.
Gununsesi.info