
“Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiqlənib.
Gununsesi.info-nun xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Məlumatlar dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları istisna olmaqla yalnız sorğulanan və vergi ödəyicisi kimi uçota alınmış şəxslər üzrə təqdim edilir.
Müvafiq sorğu üzrə təqdim edilən məlumatlar sorğuda göstərilən vergi ödəyicisinin adı (hüquqi şəxslərə münasibətdə adı, fiziki şəxslərə münasibətdə adı, soyadı və atasının adı), VÖEN-i və tarix üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazalarında olan vəziyyəti ifadə edir və məlumatın göndərilməsinə razılıq verən vergi tərəfindən təsdiq edilir.
Sorğular üzrə kontragentin aşağıdakı məlumatları təqdim edilə bilər:
– qeydiyyat tarixi;
– uçotda olduğu vergi orqanı;
hüquqi şəxslərə münasibətdə qanuni təmsilçisi;
-əgər mövcuddursa əvvəlki VÖEN-i;
– təsərrüfat subyektləri (obyektləri) barədə məlumat (təsər- rüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi və uçot kodu);
– qeydiyyat tarixi və uçotda olduğu vergi orqanı göstərilməklə Azərbaycan Respublikasında yerləşən filial və nümayəndəlikləri;
-riskli vergi ödəyicisi olub-olmaması;
– vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə vaxtı keçmiş öhdəlikləri, o cümlədən faizlər və maliyyə sanksiyaları üzrə borclar;
– əsas və əlavə fəaliyyət növləri;
– hüquqi şəxslərə münasibətdə qeydiyyatdan keçmiş nizamnamə kapitalı;
– təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövriyyə məlumatları (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
– təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əsas vəsaitlərin və aktivlərin dəyəri (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
– son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri;
– cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği;
– barəsində Dövlət Vergi Xidməti tərəfindən başlanılmış və ya həmin Xidmət tərəfindən ibtidai istintaqı aparılan cinayət işinin mövcud olub-olmaması;
– 3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə əldə edilmiş mallara dair məlumatlar (təqdim edilmə tarixi, malın adı, kodu, miqdarı, dəyəri).
Məlumatlar yalnız malları (işləri, xidmətləri) təqdim edən şəxsin ilkin qiymətləndirilməsinin həyata keçirilməsi üçün nəzərdə tutulur və vergi ödəyicisinin digər mənbələr hesabına (o cümlədən kontragentə əlavə sorğu göndərilməklə) məlumatlar əldə etməsini istisna etmir.
Məlumatlar sorğu edən vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi Portalında yerləşən kabineti vasitəsilə elektron müraciəti əsasında 2 (iki) iş günü müddətində məlumatları açıqlanan kontragent tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi üçün elektron formada ona təqdim edilir.
Gununsesi.info