
“Avropa çempionatının kubokunu Azərbaycana gətirmək istəyirik”.
Gununsesi.info -nun verdiyi xəbərə görə, bunu Azərbaycan minifutbol millisinin vitse-prezidenti Taleh Nəsibov yığmanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Avropa çempionatı barədə fikirlərini bölüşüb:
“İstəyimiz odur ki, 2022-ci ildə qazandığımız uğuru yenidən təkrarlayaq. Yığmamız üçün hər cür şərait yaradılıb. Digər ölkələrin milliləri yığmamızı yarışın favoriti hesab edirlər. Onlar bizimlə oyuna daha ciddi hazırlaşırlar. Millimizin üzvlərinin hər biri Azərbaycan çempionatında çıxış edir və görüşlər internet vasitəsi ilə canlı yayımlanır. Bu isə o deməkdir ki, digər ölkələr oyunçularımızın çıxışını ciddi şəkildə təhlil edirlər. Belçika, Fransa və İtaliya yığmaları ilə mübarizədə maksimum nəticə göstərəcəyimizə inanıram”.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-dən 8-nə kimi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.