“Dilçilər dil məsələsini özlərinin monopoliyasına çevirmək istəyirlər” - VURĞUN ƏYYUB

  • By admin
  • 31 Yanvar 2018 12:36

“Orfoqrafiya məsələləri ilə bağlı ən pis olan odur ki, alimlər müzakirə aparmaq əvəzinə bir-birinin haqsız olduğunu sübuta yetirmək üçün az qala qaydasız döyüş üsullarına əl atırlar. İkinci pis hal odur ki, dilçilər dil məsələsini özlərinin monopoliyasına çevirmək istəyirlər”.

Gununsesi.info xəbər verir ki, bu fikri TQDK-nın sabiq rəhbəri Vurğun Əyyub öz Facebook səhifəsində orfoqrafiya məsələləri ilə bağlı son polemikalara mövqeyini açıqlayarkən qeyd edib.

“Axı, hər kəs sual edə bilər ki, bundan əvvəl tərtib edilmiş, indi tənqidə məruz qalmış orfoqrafiya lüğəti də dilçilər tərəfindən tərtib edilmişdi, həmin səhvlərin bir başqa şəkildə ortaya çıxmayacağına zəmanət hardadır? Dil xalqa məxsusdur. Dilin qaydalara görə yaranmadığını, qaydaların dildən sonra meydana çıxdığını orta məktəb uşağı da bilir”- deyə, V.Əyyub vurğulayıb.

O əlavə edib ki, dil ilə bağlı müzakirələrdə xalqın bütün təbəqələri iştirak edə bilər: “Müzakirələrdə səslənən fikirləri, təklifləri toplayıb onlara ağlabatan izahlar vermək isə təbii ki, dilçilərin işidir. Bu istəklə, dilimizin daha mükəmməl orfoqrafiyasını yaratmaq üçün çalışan hər kəsə uğurlar diləyirəm”.

Mürtəza

Gununsesi.info