
Azərbaycan Dillər Universiteti Berlin Texniki Universitetinin doktorantı Günel Babayevanın Almaniyada dərc edilməsi nəzərdə tutulan “Azərbaycanda alman dilinin hazırki durumu” mövzusunda olan elmi-tədqiqat işinin ərsəyə gəlməsində ADU-ində müəllim, professor heyəti, eyni zamanda tələbələr arasında elmi sorğuların keçirilməsində əngəllər yaradır.
Bu barədə Gununsesi.info-ya Günel Babayeva özü bildirib. O, qeyd edib ki, elmi-tədqiqat işinin empirik hissəsinin ərsəyə gəlməsi üçün Azərbaycanda bir neçə universitetə, o cümlədən ADU-ya hələ 2017-ci ilin oktyabr ayından sorğular göndərib: “ADU-dan sorğuma düz dörd ay sonra cavab gəldi. Bu cavab isə alayarımçıq, qənaətbəxş olmayacaq səviyyədə verildi. E-mail və Amaniyadan göndərilən rəsmi müraciətlərimin bir fayda verməyəcəyini düşünüb bir aylıq Azərbaycana yollandım. Uzağı 3 gündə həll oluna biləcək məsələni Azərbaycan Dillər Universiteti 6 aydan bəridir həll etmək iqtidarında deyildir. Onu qeyd edim ki, məzunu olduğum universitetin bu qədər xaos içində olduğunu heç təsəvvürümə belə gətirə bilməzdim. Azərbaycana Almaniyadan göndərdiyim rəsmi müraciətlərə cavab almaq məqsədilə gəlsəm də, bir ay ADU-nin əksər şöbələrinin hər gün qapısını döymək məcburiyyətində qaldım. Bu azmış kimi, müəllim və tələbələr arasında elmi-sorğuların 2018-ci ilin oktyabr ayında sözügedən universitetdə keçirilməsi üçün rektor akademik Kamal Abdullayevə müraciət etsəm də, 1 aya yaxındır ki, ona belə cavab ala bilməmişəm. Çox təəssüf edici faktdır ki, Azərbaycanda xarici dilli milli kadrların hazırlandığı bu məkanda Azərbaycanın dil siyasətini bütün dünyada təbliğ edəcək bu əsərin əmələ gəlməsi üçün ADU tərəfindən bu qədər əngəllər yaradılır. Onu da qeyd edim ki, məsələdən elmi rəhbərim Berlin Texniki Universitetinin professoru Thorsten Roelcke də xəbərdar olaraq çox təəssüf hissi keçirdiyini bildirib. Cavablar bir az da geçikdirilsə, Almaniyanın əksər elitar və akademik təbəqəsi Azərbaycanda bu cür bürokratik problemlərin və xaos mühitinin olduğundan xəbərdar olacaq.”
Qeyd edək ki, Günel Babayeva maqistratura təhsilini Almaniyanın Potsdam şəhərində alıb, hal-hazırda isə Almaniyanın KAAD təşkilatının 2017-ci ildən bəri ilk və yeganə Azərbaycanlı təqaüdçüsü və Berlin Texniki Universitetinin doktorantıdır.
Gununsesi.info olaraq, ADU rektoru akademik Kamal Abdullanın elmə-təhsilə bu cür həvəsi olan bir gəncin üzləşdiyi bürokratik əngəllərin aradan qaldırılmasına göstəriş verəcəyinə ümid edirik.
Gununsesi.info