Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən,Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib.
Gununsesi.info xəbər verir ki, Ə.Abdullayev kollektivə təqdim edilib.
Qeyd edək ki, Ə.Abdullayev orta məktəbdə İngilis dili müəllimliyi ilə iş həyatına atılan Ə.Abdullayev ADU-da əvvəlcə Tətbiqi Dilçilik laboratoriyasının laborantı, sonradan isə eyniadlı laboratoriyanın müdiri kimi fəaliyyət göstərib. Bir müddət sonra ADU-nun İngilis dili kafedrasında assistent, ADU-nun İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində ingilis dili kafedrasında müəllim, bir müddət sonra Xəzər Universiteti rektorunun köməkçisi, Xəzər Universitetində Humanitar elmlər fakültəsinin dekanı və İngilis dili kafedrasının müdiri olub. 2001-ci ildə ADU-nun Tərcümə kafedrasının professoru vəzifəsinə təyin olunub. 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib.
2014-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda, sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsində çalışıb.
ABŞ-ın və Avropanın 22-dən çox nüfüzlu təqaüdlərinə layiq görülüb. “Senator William Fulbright” təqaüdünü isə 2 dəfə (1998, 2005) qazanıb. 6 dərsliyin (2 dərslik xaricdə ingilis dilində nəşr olunub), 110-dən çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çıxıb) müəllifidir.
2016-cı ilin sentyabrından ADU-nun Tədris işləri üzrə prorektorudur.
Gununsesi.info