Dilqəm və Şahbaz dövlətə xəyanət edib?

  • By admin
  • 25 May 2022 09:40

Dilqəm Əsgərovla Şahbaz Quliyevin arasında söz atışması səngimək bilmir. Hər iki şəxsin əsirlikdən qaytarıldıqdan sonra bir-birinə qarşı, eyni zamanda müxtəlif məsələlərlə bağlı səsləndirdikləri fikirlər böyük səs-küyə səbəb olur. Son olaraq Şahbaz Quliyevin Kəlbəcərə onları Baş nazirin keçmiş müavini Əli Həsənovun göndərməsini söyləməsi ciddi əks-səda doğurdu.

Publika.az məsələ ilə bağlı Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Dilqəm və Şahbazın arasında olan söz atışmasının bu qədər böyüdülməsi doğru deyil: “Azərbaycan xalqı və dövləti onların geri qaytarılması üçün illərlə mübarizə aparıb. Dilqəm və Şahbazın mətbuatda, həmçinin sosial şəbəkələrdə əvvəl baş vermiş hadisələrlə bağlı bu cür açıqlamalar verməsi doğru deyil. Həmin şəxslərin bir-biri haqqında belə danışması bizi məyus etdi. Əgər həqiqətən də kimsə milli maraqlarımıza xəyanət etmiş olsaydı, bunu dövlət araşdırıb, günahkarı cəzalandırardı və bu məsələ mətbuata da çıxmazdı. Onların əsirlikdə olduğu vaxt nə etdikləri ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Belə olduğu halda hansısa ittihamlarla fikir bildirmək doğru deyil. Mən o vaxt müraciət etdim ki, Kəlbəcərin ağsaqqaları ilə yığışıb, onların arasında olan problemləri həll edək, ancaq mümkün olmadı. Əsirlikdə olduqları müddətdə erməni xüsusi xidmət orqanlarının Dilqəm və Şahbaza saxta məlumatlar verməsi də istisna deyil. Dilqəm söyləyir ki, Həsən Həsənovun öldürülməsi birbaşa olaraq Şahbaz Quliyevlə bağlıdır. Ancaq bu, inandırıcı deyil. Əgər belə bir şey olsaydı, Azərbaycana qayıdanda bunu xüsusi xidmət orqanlarına söyləyərdi. Ancaq üstündən uzun müddət keçəndən sonra belə sözlərin deyilməsi absurddur. İnsanlarda sual yaranır, əgər Şahbaz cinayət törədibsə, Dilqəm niyə dövlət qurumlarına məlumat verməyib?”

Ə.Ağalarov vurğulayıb ki, onlar əsirlikdə olarkən ciddi psixoloji sarsıntılar keçiriblər: “Ermənilər Dilqəm və Şahbaza çox ağır işgəncələr verib. Onlar həm psixoloji, həm də fiziki sarsıntılar keçiriblər, lakin o vəziyyətdə belə əyilməyiblər. Dilqəm və Şahbazın əsirlikdə olarkən nələr çəkdiklərini, necə işgəncələrə məruz qaldıqlarını təsəvvür etmək mümkün deyil. Erməni ilə beş dəqiqə söhbət etmək belə çox ağır işgəncədir. Həmin vaxtlarda Qırmızı Xaç Komitəsi Şahbaz və Dilqəmin yanına gedib. Komitənin nümayəndələri ilə söhbət edərkən heç kəs demirdi ki, onların hər hansındasa günah var. Ümumiyyətlə, bu məsələ cəmiyyət içinə, mətbuata açılmalı deyildi. Dilqəm və Şahbazın çəkişməsi ictimaiyyət arasında olmamalıdır. Çox güman ki, sözügedən mövzularla bağlı həm Dilqəm, həm də Şahbazdan izahat alınıb. İstədim ki, bağlı qapılar arxasında bu məsələni həll edək, ancaq sonradan bu məsələnin bizim səlahiyyətimizdə olmadığını düşünüb, həmin fikirdən imtina etdim. Ümumiyyətlə, hər iki şəxs bir-birinə qarşı çox ağır ittihamlar irəli sürüb. Əslində ittihamların mahiyyəti ciddidir, çünki burada dövlət sirlərindən və xəyanətdən söhbət gedir.

Həqiqətən belə bir şey olubsa, günahkar cəzalandırılmalıdır. Ancaq xüsusi bir fakt yoxdursa, cəmiyyət içində bu məsələni qaldırmaq doğru deyil. Şəxsən mən onlar əsirlikdə olarkən beynəlxalq qurumlara mindən çox məktub ünvanlamışam. Dilqəm və Şahbaz belə addımlar atmaqla xalqın onlara bəslədiyi rəğbəti itirirlər. Ancaq onların psixoloji vəziyyətini də nəzərə almalıyıq. Hər iki şəxsin tam reabilitasiya olunması üçün illər lazımdır”.

Gununsesi.info