Dövlət İmtahan Mərkəzi bu gün açıqlama yayıb və 12-13 mart tarixlərində keçirilən imtahanların nəticələrinin gecikmə “səbəbini” öz aləmində izah edib. İzah isə budur: “Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir”.
Əvvəla, 5-6 mart tarixində keçirilən imtahanların nəticələri 1 apreldə elan edilibsə, 12-13 mart tarixində – yəni bir həftə sonra baş tutan növbəti buraxılış imtahanının nəticəsi də birincinin nəticəsindən bir həftə sonra – ən geci 8 apreldə elan edilməlidir.
DİM ən azı bu prinsipi pozmaqla qeyri-peşəkarlıq edir.
İkincisi, ilbəil imtahanlara fərdi müdaxilələrin artdığı müşahidə edilir. Axı, onillərlə sübut olundu ki, fərdi yanaşmada obyektivlik ən azı şübhə altına düşür. İnsan müdaxiləsini azaltmaq əvəzinə bu qədər artırmaq hansı zərurətdən yaranıb?
Üçüncüsü, ümumiyyətlə, imtahanlar niyə mart ayında keçirilməlidir? Mart ayında imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri buraxılış imtahanını verdikdən sonra hansı maraq və istəklə dərsə davam etməlidirlər?
Əgər bu imtahanlardan sonra artıq abituriyentə çevrilən uşaqların seçdikləri sahə üzrə, ixtisaslaşmış formada tədrisi davam edərsə, bunu yalnız alqışlamaq olardı. Məsələn, mart ayında 11-ci sinif şagirdləri buraxılış imtahanı verir, ümumi bilgiləri yoxlanır, daha sonra isə sənəd verdikləri qruplara görə artıq “ixtisaslaşmış”, “sahələşmiş” fənlər üzrə biliklərini artırmaq və qəbul imtahanında daha yüksək nəticəyə hesablanan sistemlə 2-3 ay oxumağa davam edirlər. Yəni 1-ci qrupa sənəd verən şagird buraxılış imtahanından sonra niyə tarix fənnindən “summativ” yazmalıdır? Bu şagird artıq oxuduğunu oxudu, heç olmasa, orta məktəbin son iki ayında, buraxılış imtahanını verəndən sonra seçdiyi ixtisas üzrə daha mükəmməl hazırlaşması üçün digər fənlərin yükünü üzərindən atın! Onsuz da o 2-3 ayda dəqiq elmlər seçən şagird üçün tarix fənni, humanitar sahəni seçənlər üçün fizika fənni məşəqqətdir, lazımsız yükdür, vaxt itkisidir. İnanın ki, 2-3 ay ərzində uşaqlara seçmədiyi, artıq “qeyri-profil” saydığı fənlər üzrə heç nə öyrədə bilməzsiniz, əksinə, həmin fənnə yalnız nifrət aşılaya bilərsiniz.
Təhsil Nazirliyi ilə DİM mükəmməl bir plan hazırlaya, buraxılış imtahanından sonra qruplar üzrə sənədlərini verən və qeydiyyatdan keçən şagirdlərin sahəvi tədrisini daha da təkmilləşdirməsinə yardımçı ola bilərdilər. Yeri gəlmişkən, ali məktəblərə sənəd qəbulu 17 martda tamamlanıb. Demək, buraxılış imtahanını verəndən dərhal sonra şagirdlərin ixtisas seçimi də başa çatır. Belə olan halda təxminən 3 aya yaxın bir dövrdə şagirdlərə qeyri-ixtisas saydıqları fənni tədris etməklə, onları əlavə və arzulanmaz yükləməyə qəti ehtiyac yoxdur.
Dördüncüsü, buraxılış imtahanı haqda az-çox məlumatı olanlara bəllidir ki, imtahan zamanı həddən artıq çətin mövzular seçilmişdi, “açıq suallar” adı ilə şagirdlərdən son dərəcə akademik səviyyə tələb olunurdu. Məsələn, ingilis dilində sürətli bir mətn səslənir və o mətnin təhlili şagirddən tələb edilir. Hələ onu demirik ki, o mətni hansı “nitq qabiliyyəti” olan və necə səsləndirir!
Siz 16 yaşında buraxılış imtahanı verən uşaqlardan “sinxron tərcüməçi” qabiliyyəti/təfəkkürü tələb edirsiniz? Xarici dil bilgiləri orta məktəb şagirdləri üçün vacibdir, öyrənirlər. Ancaq siz hardan vəhy almısınız ki, orta məktəbin buraxılış imtahanına gələn şagirdlərin xarici dillərdən birini Xarici Dillər Universitetinin məzunundan daha yüksək səviyyədə bilməli olduğunu kəsdirmisiniz? Sizə 16 yaşlı uşağın xarici dil bilgisi lazımdır, yoxsa onun ingilisdən daha yüksək səviyyədə ingiliscəni bilməsi?
O səviyyədə dil bilgisi tələb olunursa, daha ADU nəyə lazımdır?
Beşincisi, bütün dünyada ibtidai təhsil kimi, vətəndaşların ali təhsil hüququnun olduğu da müdafiə edilir, ali məktəblərin qapıları şagirdlərin üzünə açılır; abituriyentlərə mümkün qədər daha asan şərtlərlə ali təhsil almaq imkanı yaradılır.
Bir şagirdə – vətəndaşa – ali təhsil üçün geniş imkan yaradılır, ancaq o şagirdin-vətəndaşın ali məktəbi başa vurması tamamilə ayrı məsələdir. Ali məktəbə qəbul olunmaq hələ ali təhsil diplomunu almaq anlamına gəlmir.
Bizdə isə tamamilə əksinədir: şagirdlərin ali məktəbə qəbuluna gücləri çatdıqca maneə yaratmağa çalışırlar. Orta məktəb proqramları adamı dəhşətə gətirir: bizim nəslin istənilən nümayəndəsi o materiallara baxıb, özü nəticə çıxara bilər. 6 və ya 7-ci sinif şagirdinə, məsələn, ana dili və ədəbiyyat ixtisası üzrə ali təhsil alan tələbənin 1-ci də deyil, 3-cü kurs proqramı tədris olunur…
Əgər bir şagird riyaziyyatı seçməyəcəksə, inanın, ona “laqorifmanın sinus və kotangenslə mehriban qonşuluq münasibətləri haqda” heç bir bilgi lazım deyil; ona həyatda tətbiq edə biləcəyi bilgiləri öyrədin.
11-ci sinif şagirdlərinin düşünmək, dünyagörüşünü inkişaf etdirmək, ixtisası üzrə mükəmməl kadr olması üçün bir sahədə püxtələşmək imkanları sıfırdır. Baxın 10-11-ci sinif şagirdlərinə: hamısı saatlarla dərs, daha sonra repetitorlar yanında gününü batırır və gecə də yatmır – səhərə qədər qucaq-qucaq “testlər” işlənilir.
Nümunəyə çevrilən məşhur bir əhvalat-rəvayət var: alimlərdən biri gecə yarısı qəfildən hansısa ideyasını sınaqdan keçirmək üçün laboratoriyaya gedir və tələbəsini orda görür. “Gündüz də burda deyildinmi”, – soruşur. Məlum olur ki, sevimli tələbəsi gündüz də, gecə də burda işləyir və bu, aylardır belədir. Alim soruşur ki, bala, bu qədər işləyirsən, bəs sən nə vaxt düşünürsən?
Abituriyent sayılan bu yeniyetmələrin dünya haqda düşüncələrinin yaranmağa başladığı bu dövrü məhv edirik, onları zombiyə çeviririk: onları düşünmək imkanından məhrum edirik. Ona görə böyük istedadlar yeni nəsil arasında nadir tapıntıya çevrilib.
Təhsil – insanın yaradıcı imkanlarını, istedadını üzə çıxarmaq üçün ən birinci vasitədir.
Azərbaycandakı təhsil ən yaxşı halda ümumi biliklərin toplandığı “fləş-kart” yetişdirir və təhsil bitənə qədər o “kart”ın bütün yaddaşını hər şeylə doldurur.
Bu təhsillə “proqram yaradan nəsil” yox, ən yaxşı halda “proqramlaşdırılmış nəsil” yetişdirə bilərsiniz. Ki, onu da edirsiniz!
Gununsesi.info