DİM müsahibəyə gəlməyənlərə güzəştə getməyəcək

  • By admin
  • 06 Aprel 2018 15:08

Aprelin 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

Bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Bərdə regional bölmələri, Xaçmaz şəhərində İncəsənət muzeyi də daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 131 müsahibədən 57-si baş tutub, 74 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 21-i iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini  buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

Gununsesi.info